Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın hərbi üstünlüyü

Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi də hər zaman prioritet vəzifələrdən biri olub. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar – PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir. Uzun illər ərzində Azərbaycan ordusunda döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılmış, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycan Ordusu dünyanın  güclü orduları sırasındadır.

Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib.

Azərbaycan ordusunun silahlanmasında yer alan, düşmənin texnikası və canlı qüvvəsini darmadağın edən “Bayraktar TB2”, “HAROP”, “İtiqovan”, “Zərbə”, “Orbiter” PUA-ları real döyüş şəraitində özünü doğrultmuş yüksək texnologiyaya malik müasir silahlardır.

Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm də artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub.

Döyüş əməliyyatlarında Müdafiə Nazirliyinin şəxsi heyəti ilə yanaşı, Dövlət  Sərhəd Xidmətinin, Daxili Qoşunların, Xarici Kəşfiyyat Xidmətinin bölmələri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələri də iştirak ediblər.

İkinci Qarabağ müharibəsində Ermənistanın məhv edilmiş və qənimət götürülmüş  hərbi texnikası

44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 126 piyadaların döyüş maşını,  352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

müasir müharibədə logistika, təminat, manevr məsələləri ən yüksək səviyyədə həllini tapdı. 2020-2023-cü illərdə aparılan müharibə və antiterror tədbirlərində Silahlı Qüvvələrimiz silah-sursat azlığı və hücum əməliyyatları zamanı nəqliyyat problemləri ilə qarşılaşmadı. Həmçinin müasir hərbi əməliyyatlar Qələbəyə köklənibsə, hücum taktikası daim davam etməlidir. Qarşı tərəf qüvvə toplayıb fəal müdafiə, döyüş əməliyyatına başlayanadək mövcud qüvvələr məhv edilməli, növbəti irəliləyişlər üçün plazdarmarlar yaranmalıdır.

Noyabrın 8-də Xankəndidə Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev bu məsələyə toxunaraq deyib: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”. 

2020-ci ilin Vətən savaşında NATO standartlarına uyğunluq əvvəlcə raket-artilleriya sistemlərinin düşməni vurmaq, sonra tank və piyadaların irəliləməsi taktikasına mütləq yenilik gətirilməsini nümayiş etdirdi. Ordumuz göstərdi ki, düşmən bütün dərinliklərdə özünü rahat hiss etməməlidir. Bu zaman pilotsuz uçuş aparatları (PUA) yeni XXI əsrin müharibəsi dövründə istifadə edildi. Əks tərəfin nəqliyyat sisteminin dağıdılması, toplanan qüvvələrin dərinlikdə daim vurulması həmin müharibənin yeni səhifəsi idi. İkinci Qarabağ müharibəsində qısa müddətdə düşmənə ciddi itkilər vermək şərti ilə qarşı tərəf kapitulyasiya aktını imzalamağa məcbur edilməlidir. Elə Azərbaycan da məhz bu addımlarla hərb elmində yenilik etməklə dünyada mövcud XXI əsr müharibəsinin yeni səhifəsini açdı.

2020-ci il müharibəsindən üç il ötür. Azərbaycan Ordusu son üç il ərzindəki təcrübəsindən yararlanaraq 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərində separatçıların gözlənilmədiyi taktikanı seçdi. Nəticədə bir sutka ərzində qarşı tərəfə elə zərbələr endirildi ki, ermənilərin bu zərbələrə müqavimət göstərmək imkanı olmadı. Qırx dörd günlük müharibənin təcrübəsinə əsaslanaraq, komanda birlikləri yaratmaqla yerüstü zərbə vasitəsilə PUA-lar arasında əlaqələndirməni daha yüksək səviyyəyə çatdırmaqla göstərdi ki, ordunun inkişafı davamlı şəkildə olarsa, qarşıya qoyulan hədəflər də reallaşır.

Məhz üçillik dövrdə Azərbaycanın hərb sistemində tətbiq etdiyi yeniliklər dünyada mövcud müharibələrin zəif cəhətlərini də göstərdi. Mövcud hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətdə Ordumuz qalib gəldi. Bunun nəticəsidir ki, hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalındakı siyahıda 2020-ci ildə 64-cü mövqedə olan Azərbaycan Silahlı Qüvvələri 2023-cü ildə 57-ci pilləyədək yüksələ bilib. Eləcə də region ölkələri üzrə baxanda Rusiya 2-ci, Türkiyə 11-ci, İran 17-ci, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Gürcüstan 85, Ermənistan isə 94-cü yerdədir. Məhz son beş ölkə ilə fərqə baxanda anlamaq mümkündür ki, Azərbaycanın hərbi gücünə görə onları geridə qoymasının səbəbləri müharibədə qalib gəlməsidir. Son üç ildə aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun region dövlətləri arasında irəliləməsinə imkan yaradıb. Hərbi təcrübədən çıxış edərək faktiki yeni növ Silahlı Qüvvələrin yaradılması, təminatı, yeni hərb strategiyasının hazırlanması Silahlı Qüvvələrimiz barədə bu fikirləri deməyə əsas verir. Ölkəmizin Silahlı Qüvvələri son üç ilin sınağından uğurla çıxaraq qarşıya qoyulan tapşırıqları yerinə yetirdi.

Keçidlər