Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək Şəhidim

09 fevral 2021 | 16:00

      09  fevral 2021-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.   Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra  canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir. 
        Tədbirdə Xocavənd Rayon İcra  Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident  İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış  və 44 gün davam edən Vətən müharibəsi  rəşadətli  Ordumuzun qələbəsi ilə başa çatmışdır.  Natiq qeyd etmişdir ki,  Vətən müharibəsində Xocavənd  rayon  sakinləri  də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucalmışlar.  E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına  şəhid  olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.  Şəhidin valideynlərinə  və  ailə  üzvlərinə başsağlığı verərək,  belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirmişdir. Başçı Tural Abdullayev kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti  nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir  iştiraçılarının diqqətinə  çatdırmışdır.
       Şəhid  Tural Abdullayevin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid  ailələrinə  göstərilən diqqət və qayğı görə  Azərbaycan  Respublikasının Prezidenti  Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
        Daha sonra Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və YAP Xocavənd  rayon təşkilatının əməkdaşları Şəhid Tural Abdullayevin valideynlərinin yaşadığı mənzildə olmuş,  şəhidin döyüş yolu haqqında ətraflı söhbət aparılmışdır.
        Xocavənd rayon Tuğ kənd sakini, gizir  Abdullayev Tural Bəylər oğlu 24 oktyabr 2020-ci il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər