Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

07 noyabr 2021 | 16:00

    Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı  kənd sakini Şəhid Quliyev Şirxan İsmixan  oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
   07 noyabr  2021-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı  kənd sakini Şəhid Quliyev Şirxan İsmixan  oğlunun anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra  canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. 
   Anım mərasimində Xocavənd Rayon İcra  Hakimiyyətinin  başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident  İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış  və 44 gün davam edən Vətən müharibəsi  rəşadətli  Ordumuzun qələbəsi ilə başa çatmışdır.  Başçı  qeyd etmişdir ki,  Vətən müharibəsində Xocavənd  rayon  sakinləri  də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucalmışlar.  E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına  şəhid  olmuş Xocavənd rayonu Muğanlı  kənd sakini Şəhid Quliyev Şirxan İsmixan  oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətradflı məlumat vermişdir.  Şəhidin valideynlərinə  və  ailə  üzvlərinə başsağlığı verərək,  belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirmişdir.
    Tədbirdə çıxış edən bədii qiraətçi aktyor  Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov bildirmişdir ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edilmişdir. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır. Natiq qeyd etmişdir ki,  Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Çıxışını vətən mövzusunda səsləndirdiyi şeirlərlə bitirən Azərbaycan Respublikasının Əməkdar artist A. Bayramov bir daha torpaqlarımızın azad olunması yolunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləmiş, ruhları qarşısında baş əydiyini bildirmişdir. Anım mərasimdə Şəhid Abdullayev Tural Bəylər oğlunun Salakətin kənd tam orta məktəbində təhsil aldığı illərdə müəllimi olmuş Tahirə Məmmədova çıxış edərək Şirxanı  çox vətənpərvər istiqanlı, mehriban şagird kimi xatırladığını bildirmişdir.  Bir vaxtlar dərs dediyi şagirdini bu gün Şəhid kimi xarakterizə etməkdə çətinlik çəkdiyini bildirən tahirə Məmmədova  44 günlük Vətən müharibəsində Şirxanla  yanaşı Salakətin kənd tam orta məktəbinin məzunu olmuş daha 4 şagirdlərinin şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir. 
    Sonda Salakətin kənd tam orta məktəbi şagirdlərinin  şəhidlər haqqında söylədikləri şeir parçaları dinlənilmişdir.

 

Keçidlər