Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

09 noyabr 2021 | 16:00

       Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Qaradağlı   kənd sakini Şəhid Tağıyev Elzamin Eyvaz   oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
     09 noyabr  2021-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Qaradağlı   kənd sakini Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti  yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra  canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Kürdəmir Regioanal Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlı,  Şəhidin orta məktəb illərində müəllimi olmuş Telli Alıyeva çıxışlarında 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən , Elzaminin şücaətindən, onunla bağlı xatirələrindən, eyni zamanda  şəhid ailələri və qazilərə dövlət qayğısından söhbət açmışlar.
    Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və Qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi .Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir. Başçı Elzamin  kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır.
    Qeyd edək ki, Tağıyev Elzamin Eyvaz oğlu - 11.08.1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulmuşdur. 1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində təhsil həyatına başlamışdır. 2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbindən məzun olmuşdur. Həmin il hərbi xidmətə yollanmış, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak etmiş, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda bir çox idman yarışlarının iştirakçısı olmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü idi.
     8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır.
     27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılmışdır. 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
     Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Subay idi.

Keçidlər