Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 30 il keçir.

18 fevral 2022 | 16:00

      Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 30  il keçir.
    Qaradağlı faciəsinin 30-cu  ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Anım mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və İkinci Ordu Korpusunun komandiri General-mayor Mais Bərxudarov iştirak edib.
    Qeyd edək ki, Erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı törədilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800-ə yaxın sakini məcburi köçkün düşüb.

 

Keçidlər