Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nüsrətli Ceyhun Aqil oğlunun xatirəsi yad edilib.

07 aprel 2022 | 16:00

     Şəhid Nüsrətli Ceyhun Aqil oğlunun xatirəsi yad edilib.
   Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Füzuli rayonunun Dilağarda kəndindən olan Nüsrətli Ceyhun Aqil oğlunun doğum günü münasibətilə 07 aprel 2022-ci il tarixində Xocavənd qəsəbəsində yerləşən "Şəhidlər" Memorial Abidə Kompleksində  anım tədbiri keçirilmişdir. Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır.
   Eyvaz Hüseynov Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. Başçı, Nüsrətli Ceyhun kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
   Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Nüsrətli Ceyhun, 30.09.2020-ci il tarixində xüsusi şücaət göstərərək Şəhidlik zirvəsinə yüksəlir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
     Allah rəhmət eləsin.

Keçidlər