“ŞUŞA İLİ”NƏ HƏSR OLUNMUŞ REGİONAL XOR MÜSABİQƏSİ BAŞA ÇATDI.
Kürdəmir Regional Mədəniyyət İdarəsində 2022-ci ilin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Şuşa İli” elan edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Aprel 30-da “Şuşa İli”nə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” devizi ilə həyata keçirilən Regional Xor Müsabiqəsi təntənəli konsertlə başa çatdı. Xocavənd rayon Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə qaliblər mükafatlandırıldı.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlardan Füzuli və Xocavənd rayonları 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuşdur. Məhz Zəfər qələbəmizin təntənəsinin yaşadılması, uşaq və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Regional Xor Müsabiqəsinin I seçim mərhələsi Füzuli rayon Aybasanlı kənd Uşaq Musiqi Məktəbində, II yekun mərhələsi isə Xocavənd qəsəbəsində fəaliyyət göstərən Xocavənd rayon Uşaq Musiqi Məktəbində keçirilib.
Ümumilikdə müsabiqədə 14 məktəb iştirak edib. Xor kollektivlər tərəfindən 53 əsər ifa olunub. Müsabiqənin işində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir.
Münsiflər heyətinin qərarına əsasən Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin xor kollektivi I yerə, Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi II yerə, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi III yerə layiq görülüblər.
Müsabiqədə fərqlənən xormeyster və konsertmeysterlərdən Füzuli rayon Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Asudə Allahverdiyeva, Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin müəllimi Leylan Haqverdiyeva, Füzuli rayon Mahmudlu-1 Uşaq Musiqi Məktəbinin müəllimi Sakit Muradov, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbinin müəllimi Əvəz İsmayılov, Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbinin müəllimi Ceyhun Qurbanov Regional İdarənin Fəxri Fərmanına layiq görülüblər.
Müsabiqənin münsiflər heyətinə Azərbaycan xor sənətinin kamil biliciləri olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva və Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasının xor dirijoru kafedrasının müəllimi Aysel Əsədova daxil ediliblər.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən Regional Xor müsabiqəsində Əməkdar artist, xanəndə Qoçaq Əsgərov, Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artist, xanəndə Firuz Səxavət, tanınmış xanəndə Eldəniz Məmmədov fəxri qonaqlar kimi iştirak etmişlər.