Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sənan Quliyevin xatirəsi anılıb.

02 avqust 2016 | 16:00

Xocavənd rayon Qaradağlı kənd sakini müddətdən artıq xidmət edən Quliyev Sənan Qeyrət oğlu  2014-cü ilin avqust ayının 1-dən 2-nə keçən gecə Ağdam-Ağdərə istiqamətində erməni silahlı birləşmələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Bu münasibətlə Xocavənd qəsəbəsində, şəhidin məzarı önündə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı vermiş, Sənanın öz vətəninin,  kəndinin , şəhid olmuş yaxınlarının  qisasını aldığını və yalnız düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdiyimiz zaman Sənan və yüzlərlə onun kimi  şəhidlik zirvəsinə ucalan vətən oğullarımızın ruhunun şad olacağını bildirmişlər. Natiqlər bu gün Azərbaycan Silahlı Qüvvələrinin  özünün ən güclü dönəmini yaşadığını və hər zaman Ali baş komandan cənab İlham Əliyevin döyüş əmrinin tam yerinə yetirməyə qadir olduğunu bildirmişlər. Qeyd edək ki, Quliyev Sənan Qeyrət oğlu 1991- ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. Ermənistan silahlı birləşmələri ilə mübarizədə bu kəndin hər 10 nəfərindən biri şəhid olmuşdur. Sənanın nəslindən olan hər kəs bu müharibənin iştirakçısı olmuş, faciə və acılar yaşamışlar. Onun əmisi,eyni zamanda çox kiçik yaşlarından ata qayğısından məhrum olmuş həyat yoldaşının atası Quliyev Gündüz Əlqəmə oğlu 8 sentyabr 1991- ci il tarixdə şəhid olmuşdur. 17 fevral 1992- ci il tarixdə Qaradağlı kəndi ermənistan ordusu tərəfindən işğal olunan zaman onun babası Quliyev Əlqəmə ilə yanaşı 100 nəfərdən çox həmkəndlisi və digər yaxın qohumları  ilə birlikdə ermənilər tərəfindən əsir götürülmüş, onların yarıdan çoxu düşmənlərimiz tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Şərəfli bir nəslin davamçısı olan Sənan həm Vətən, həm Torpaq Həm də El qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək  torpaqlarımızın və Vətənimizin toxunulmazlığı uğrunda öz canından keçərək avqust ayının 1-dən 2- nə keçən gecə Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alan zaman Şəhidlik zirvəsinə yüksəlmişdir. Allah cəmi Şəhidlərimizə rəhmət etsin. TƏKİ VƏTƏN SAĞ OLSUN!

 

Keçidlər