Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayonun işğalının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

02 oktyabr 2016 | 16:00

Xocavənd Rayonun erməni təcavüzkarları tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibə veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, “N” saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə  qeyd edilib ki, işğal nəticəsində Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.  Xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla döyüşlərdə iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub, 300 nəfərdən çox insan əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.Həmçinin çıxış edən xocavəndli məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.

Keçidlər