Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC-növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Kuboku keçirilmişdir

09 aprel 2017 | 16:00

9 aprel 2017-ci il tarixdə  Xocavənd Rayon İcra Hakimiyyəti və   VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə “Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC-növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Kuboku” keçirilmişdir. Tədbir iştirakçıları öncə Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini yad etdilər. Xocavənd Rayon İdman Kompleksində davam edən   yarışın açılış mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının prezidenti Nurəddin Quliyev, rayon ictimaiyyəti, idarə və təşkilat rəhbərləri, veteranlar və şəhid ailələri iştirak etmişdir. Tədbir ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdi ki, 2016-cı ilin aprel ayında Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz şəhid oldu, eyni zamanda mülki şəxslər arasında da həlak olanlar oldu. Lakin qəhrəman oğullarımız bu təxribatın  qarşısını nəinki mərdliklə aldı, həmçinin  hərb tariximizə yeni şanlı səhifələr yazdılar. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan Ordusu  dünyanın ən güclü ordularından biridir. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu qələbə nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.
Açılış mərasimi idmançıların çıxışları ilə  davam etmişdir. 24 rayondan 330 idmançının  iştirak etdiyi yarışın qalibləri Rayon İcra Hakimiyyəti  başçısının diplomu, medallar və kubokla təltif edildilər.

Keçidlər