Şriftin ölçüsü :

Saytın rəngi :

“2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr” barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

17 oktyabr 2017 | 16:00

“2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr” barədə Rayon İcra Hakimiyyəti başçısının

                                                                    H E S A B A T I

             Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. 2017-ci ilin doqquz ayı ərzində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının  yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Cari ilin doqquz ayı ərzində qeyri-neft sektorunun ümum daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində  dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.
           Azərbaycan xalqının Ümüummilli  Lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə apardığı islahatlar, iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Keçən dövr ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
2017-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən  çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər.
2017-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq hesabat dövrü ərzində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır.
Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində bu ilin doqquz ayı ərzində bizim valyuta ehtiyatlarımız 4.5 milyard dollar səviyyəsində artaraq 42 milyard dollar təşkil etmişdir.
Dünyada baş verən sosial-iqtisadi böhran səbəbindən bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalmasına baxmayaraq bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8.3 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin böyük hissəsi xarici sərmayədir.
İdxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalın stimullaşdırılması, biznes qurumlarına çox gözəl şərait yaradılması və digər tədbirlərə dövlət investisiyaları qoyulması bizim iqtisadi sabitliyimizi təmin etmişdir. Bu ilin doqquz ayı ərzində ölkədə xarici ticarət dövriyyəsi 7 faiz artmışdır ki, bu da çox yaxşı göstəricidir. Müsbət saldo, yəni ixracın idxaldan üstünlüyü 4.4 milyard dollar təşkil edir və hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir.
Əlbəttə ki, bizim iqtisadi sahədə uğurlarımızı göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır ki, Azərbaycan MDB məkanında liderliyi saxlamaqla iki pillə irəliləyərək 140 ölkə arasında 35-ci yerə qalxmışdır.
Hesabat dövrü ərzində sosial infrastruktur layihələri icra edilmiş, əhalinin su, qaz, elektrik enerjisi və istiliklə  təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, yolların salınması işləri  davam etdirilmiş, sosial infrastruktur obyektlərinin tikintisi aparılmış və hal-hazırda da bu davam etdirilir. Doqquz ay ərzində 700 kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır və bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüş, suvarma suyu təmin edilmişdir. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilmiş və ya təmir edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi  sayəsində  neft  gəlirlərindən  məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi və qeyri-neft sektorunun inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində qeyri-neft iqtisadiyyatı 2,5 faiz artmışdır.
Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Hesabat dövrü ərzində 226 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 171 mini daimi iş yeridir. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, həmçinin özəl sektorda da davam edir.
Bu il neft-qaz sektorunda baş vermiş çox əlamətdar hadisə “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanmasıdır. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir və kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı.  Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır, mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcəkdir. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir. Digər nəhəng layihə  isə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər nəzərdə tutlduğu kimi davam etdirilir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir, Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilmişdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilib və bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir. Eyni zamanda daha bir tarixi layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatdırılıb və yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur.
Son zamanlar regionda, bütövlükdə dünyada baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm cənab Prezident İlham Əliyev bu ilin doqquz ayı ərzində 14 xarici ölkəyə səfər etmişdir ki, bu səfərlərin də çox böyük əhəmiyyəti var. Bu səfərlərin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir ki, bu da çox gözəl göstəricidir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın artırılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də mühüm rol oynayır.
Eyni zamanda onu da qeyd etməliyik ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu il də qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələrin salınması davam etdirilmişdir. Ancaq onların arasında bu il açılmış Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa edildi və orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Cocuq Mərcanlıdan olan ailələr oraya qayıdır. Açılışda iştirak edən cənab Prezidentin növbəti Sərəncamına uyğun olaraq növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi davam etdirilir.
Son illər ərzində həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Ölkənin hərbi potensialı möhkəmlənmiş, erməni təxribatlarının qarşısı qətiyyətlə alınmış, strateji cəhətdən vacib yüksəkliklər ələ keçirilərək Azərbaycan ordusu təmas xəttində tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Sirr deyil ki, hazırda beynəlxalq birlik, aparıcı dövlətlər dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar münaqişələrə tam fərqli mövqe nümayiş etdirir ki, bu da hazırkı dövrdə dünya siyasətində ikili standartların bariz nümunəsi kimi xarakterizə oluna bilər. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda,Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı, danışıqlar prosesində imitasiya taktikasını seçməsi səbəbindən münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir.
2017-cı ilin doqquz ayı  ərzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 
Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Beyləqan rayon ərazisində Xocavənd rayonundan olan olan məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə hər bir ailəyə 0.60 ha  olmaqla torpaq sahəsi paylanmışdır. Xocavənd  qəsəbəsi ilə Füzuli rayonunun  “Qayıdış”  qəsəbələrini birləşdirən  2 km-lik məsafənin asfalt-beton örtüyü  ilə  üzlənməsi işləri başa çatdırılmış, Xocavənd qəsəbəsi ilə Yeni Qaradağlı qəsəbələrini birləşdirən avtomobil yolu qum-çınqıl örtüyü ilə təmir edilmişdir.
  2017-cı ilin doqquz ayı ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 950 ədəd küknar ağacı əkilmiş və bu işlər  də davam etdiriləcəkdir.
Rayonda şəhid ailələrinin, Qarabağ  müharibəsi əlillərinin və bu kateqoriyalardan olan aztəminatlı ailələrin sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə  Xocavənd  Rayon İcra Hakimiyyəti başçısının  Xeyriyyə Fondu hesabına 2017-cı ilin doqquz ayında 49  ailəyə orta hesabla 150 manat maddi yardım göstərilmişdir.
Hesabat dövründə Rayon Məşğulluq Mərkəzinə 100 nəfər (47 nəfər qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 53 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 17 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. 01 oktyabr 2017-cı il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən verilən boş iş yerləri haqqında verilən hesabat formasına əsasən rayon üzrə 97 vakant boş iş yerləri mövcuddur. 
2017-ci ilin doqquz  ayı ərzində  rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 1653.2  min manata qarşı 1614.7 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 97.6 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 442.6 min manat proqnoza qarşı  421.2 min manat icra olunmuşdur ki, bu da  proqnozun   95.2 %-ni təşkil edir.
2017-cı ilin  III rübündə  xərc 8141.9 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 21.3 min manat çox olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı  isə 255.4  manat təşkil etmişdir.                                             
2017-ci ilin doqquz ayı ərzində Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 449.5 min  manat proqnoza qarşı 470.7 min  manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş  və proqnoza 104.7  faiz əməl olunmuşdur. Hal-hazırda Xocavənd rayon Vergilər  İdarəsində  sahibkarlıq fəaliyyəti ilə məşğul olan  1092 nəfər təşkil edir ki, onlardan 134 hüquqi şəxs, 954 nəfər isə fiziki şəxs kimi qeydiyyata durmuşdur.
         2017-ci ilin 9 ayı ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2345 (2016-ci ildə 2093 baş),  o cümlədən  inək və camışlar 1186 baş(2016-ci ildə 1100 baş), qoyun və keçilər 21303 baş (2016-ci ildə 15547 baş) olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 5102,0 sentner(2016-ci ildə 3700,0 sentner),  süd istehsalı(fiziki çəkidə)16513,0  sentner(2016-ci ildə 16013,0 sentner) yumurta istehsalı (min ədədlə) 297,0 ədəd (2016-ci ildə 287,0 ədəd),  yun istehsalı (fiziki çəkidə) 310,0 sentner (2016-ci ildə 495,0  sentner) olmuşdur.  Bundan başqa 5500,0 hektar  buğda sahəsindən 10812,6 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektara 19,7 sentner deməkdir. Həmçinin 127,0 hektar arpa sahəsindən 228,0 ton məhsul götürülmüşdürki, hər hektara 18,0 sentner, 26,0  hektar  kartof sahəsindən 299,0 ton məhsul əldə olunmuşdur ki, hər hektara 115,0 sentner, 139,0 hektar tərəvəz sahəsindən 1056,0 ton məhsul əldə olunmuşdur, hər hektara 76,0 sentner, 29,2 hektar bostan bitkiləri sahəsindən 336 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektara 115 sentner məhsul deməkdir. Eyni zamanda rayon istehlaçıları tərəfindən Beyləqan rayonu ərazisində 90 ha pambıq əkilmişdir ki, hal hazırda 91.2 ton məhsul əldə edilmişdir və hal-hazırda yığım davam edir.
           2017-ci ilin 01 oktyabr vəziyyətinə 2137 nəfər şöbədə fərdi uçotda qeydiyyata durmuşdur. Onlardan 2115 nəfərinə sosial siğorta şəhadətnaməsi verilmişdir. Hesabat dövrü ərzində  591 nəfərə sosial müavinət verilmişdir.
Hesabat dövrü ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi, qaz və su təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi, qaz və su haqlarının ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış  qərargah üzvləri tərəfindən müntəzəm nəzarət olunur.
Xocavənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın  daha da  çiçəklənməsi və qüdrətlənməsi naminə fəaliyyətlərini davam etdirəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini,həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır

Keçidlər