Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür.

03 oktyabr 2018 | 16:00

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür. Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, Respublikanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, 32 körpü, 12 rabitə qovşağı, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
Xocavəndlilər dörd il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid, 300-dən çox insan şikəst olub, 245 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 69 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda olarkən erməni terrorunun və vəhşiliyinin qurbanı olub.
“Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu istiqamətdə ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamlı, işğal altında olan torpaqları azad etməyə qadir ordu formalaşıb. 2016-cı il aprel döyüşləri göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin daim öyündüyü və keçilməz adlandırdığı müdafiə xəttini bir həmlə ilə yararaq, qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirdi, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Əminliklə bildirirəm ki, ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq", - deyə E.Hüseynov bildirib.
Müdafiə Nazirliyinin generalı Mais Bərxudarov Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində düşməni hər an məhv etməyə qadir olan güclü ordumuzun formalaşdığını diqqətə çatdırıb. Azərbaycan Ordusunun torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu vurğulayan M.Bərxudarov deyib: "Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz torpağımızı istəyirik. Düşmənlərimiz bilsin ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik".
Tədbirdə çıxış edən məcburi köçkünlər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, bu müqəddəs yolda hər an döyüşməyə hazır olduqlarını bildiriblər.
Anım tədbiri Xocavənd rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

 

 

Keçidlər