Şriftin ölçüsü :

Saytın rəngi :

“Ruhum Qarabağlıdır” devizi altında Xocavəndli tələbələrlə görüş keçirildi.

25 noyabr 2018 | 16:00

              “Ruhum Qarabağlıdır” devizi altında Xocavəndli tələbələrlə görüş keçirildi.
24 noyabr 2018-ci il tarixdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının akt zalında “Ruhum Qarabağlıdır” devizi altında Xocavəndli tələbələrlə görüş keçirildi. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, rayonun tanınmış ziyalıları, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilmiş ”Ruhum Qarabağlıdır” filmi nümayiş olundu. Tədbirdə çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov tələbələrlə görüşün əhəmiyyətindən danışdı və belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladı.
         Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov dövlət gənclər siyasətindən danışaraq bildirdi ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Başçı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi haqqında gənclərə dolğun məlumat verdi, gənc nəslin Azərbaycanın tarixini, xalqımızın başına gətirilən soyqırımı hadisələrini dərindən öyrənməsinin vacibliyini vurğuladı. Başçı gənclər müraciət edərək bildirdi ki, dünyada aparılan müharibələr informasiya savaşı fazasına keçdiyindən, bizim gənclik informasiya müharibəsinə hər an hazır olmalıdır. Zaman-zaman parçalanmış böyük Azərbaycanın indiki ərazisinin də ermənilər tərəfindən 20 faizinin işğalı bizə sosial şəbəkələrdə təbliğat aparmağımızı daha vacib edir. Məlum məsələdir ki, ermənilər bizə qarşı sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək daim informasiya müharibəsi aparmaqla məşğuldur. Ermənilərlə təbliğat müharibəsini aparmaq üçün bizə informasiya texnologiyalarına yaxşı bələd olan sizin kimi vətənpərvər gənclər lazımdır. Bunun üçün Siz gənclər seçdiyiniz istiqamət üzrə daha peşəkar olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, qlobal mədəniyyət müstəvisində qazanılan uğurların, Azərbaycanın müasir ölkə imici və turizm imkanlarının, eləcə də Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün sosial şəbəkələrdə daha mütəşəkkil və aktiv fəaliyyət göstərməlisiniz.
          Tədbirdə çıxış edən Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva gənclərə dəyərli tövsiyələrini verdi.
Tədbir tələbələrin çıxışları ilə davam etdi.

 

Keçidlər