Şriftin ölçüsü :

Saytın rəngi :

İtaliyalı Jurnalistlər Xocavənd qəsəbəsində olmuşlar

29 yanvar 2019 | 16:00

              İtaliyalı Jurnalistlər Xocavənd qəsəbəsində olmuşlar.
       26 yanvar 2019-cu il tarixdə “Askanews” xəbər agentliyinin xarici əlaqələr bölməsinin rəhbəri Orietta Mocatelli, “İl Massaggero” qəzetinin əməkdaşı Resella Fabinai, “Radio Radicale” radiosunun jurnalisti Giueseppe Erminio Di Leo və “Agenza Nova” informasiya agentliyinin müxbiri Palombarodan ibarət italiyalı media nümayəndələri Xocavənd rayonuna səfər etmişlər. Qonaqlar ilk öncə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşmüşlər. Görüş zamanı Eyvaz Hüseynov İtaliya-Azərbaycan münasibətləri haqqında danışaraq bildirmişdir ki, Azərbaycan-İtaliya münasibətlərinin tarixi qədimə gedir. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərib.
             Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr yeni müstəvidə inkişaf etməyə başlayıb.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri İtaliya olub. O zaman İtaliya nümayəndəsi Mario Rafaelli münaqişənin dayandırılması üçün bir sıra diplomatik addımlar atıb. Başçı həmçinin bildirmişdir ki, İtaliya şirkətləri Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı , ağır sənaye sahəsində bir çox layihələr icra edirlərlər. Son beş ildə İtaliya MDB ölkələrini çıxmaq şərtiylə Azərbaycanın xarici ticarət dövrüyəsində ən çox paya malik 10 ölkədən biridir.
            Başçı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı jurnalistlərə geniş məlumat verib.Bildirib ki,“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırım həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.
          Hər zaman olduğu kimi XX əsrin 80-ci illərinin sonunda da Dağlıq Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə ermənilər tərəfindən mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.1988-ci il hadisələri başlayanda ilk vaxtlar erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda kütləvi mitinqlər təşkil edildi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.
            Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Eyni zamanda, DQMV-nin idarə və müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil oldu. DQMV ərazisində Azərbaycanın dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni millətçiləri mərkəzin bəzi dairələrinin köməyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar.
          Təəssüf ki, hadisələrin başlanğıcında erməni millətçilərinin qarşısının alınmaması vəziyyəti get-gedə gərginləşdirirdi. Belə ki, Sovet rəhbərliyinin çox ciddi, bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı ki, bununla da DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Nəticədə, minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. SSRİ-nin süqutundan sonra ermənilər artıq Azərbaycan hökumətinin nəzarət edə bilmədiyi vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər.1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1992-ci ilin fevralın 17-də Qaradağlı kəndində 118 nəfər əsir götürülmüş, 33 nəfər güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərilərini torpaqlamışlar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilmişdir. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olmuşdur.Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər qətlə yetirilmişdir.
           Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 26 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir.
Görüş zamanı başçı jurnalistlərin sualların cavablandırıb.Sonda İtaliyalı mətbuat işçilərinə Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən çəkilmiş ingilis dilində "Qaradağlı faciəsi" və "Soyqırım Qaradağlı davam edir" filmləri təqdim edilmişdir.

 

Keçidlər