Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən sevimli gənc-səngərdə olan əsgər" devizli tədbir keçirilmişdir.

03 fevral 2019 | 16:00

        “Ən sevimli gənc-səngərdə olan əsgər" devizli tədbir keçirilmişdir.
        “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Xocavənd rayon ictimaiyyət nümayəndələri, “Legion” Hərbi Vətənpərvərlik Klubu və gənclərin iştirakı ilə “N” saylı hərbi hissədə əsgərlərlə birgə tədbir keçirilmişdir. Tədbirdə II Ordu Birləşməsinin komandiri general-mayor Mais Bərxudarov, Xocavənd İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov və digərləri iştirak ediblər. Gənclər gününün hərbi hissədə keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hisslərinin aşılanması, əsgərlərin mənəvi-psixoloji durumunun yüksəldilməsi olmuşdur. General-mayor Mais Bərxudarov çıxışı zaman gənc əsgərlərimizi bir daha Ulu Öndərin bizlərə miras qoyduğu ənənələrə sadiq olduqlarını, vətən müdafiəçilərinin hər zaman Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin “irəli” əmrini gözlədiklərini və qələbə üçün savaşa qatılmağa hazır olduqlarını bildirdi. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov gənc əsgər və zabit heyətini Gənclər Günü münasibətilə təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Başçı ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlardan, gənclərə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Eyvaz Hüseynov bildirib ki, bu gün Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Başçı qüdrətli Azərbaycan ordusunun sayəsində tezliklə itirilmiş Qarabağ torpaqlarının düşmən tapdağından azad olunacağına əmin olduğunu bildirib.
       Öz növbəsində “Legion” Hərbi Vətənpərvərlik klubunun rəhbəri, ehtiyatda olan zabit Abuzər Əbilov əsgər və zabitləri təbrik edərək, hər zaman əsgərlərimizin yanında olacaqlarını bəyan edərək onlara xidmətdə, təlimlərdə və döyüşdə müvəffəqiyyət arzuladı.
       Tədbirdə Xocavənd rayon Mədəniyyət evinin özfəaliyyət ansamblının üzvləri tərəfindən xalq mahnıları ifa edildi, əsgərlər və ictimaiyyət nümayəndələri şənliyi rəqs etməklə davam etdirdilər.

Keçidlər