Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsan Hüquqları Aylığı" ilə bağlı dəyirmi masa keçirilmişdir.

27 may 2019 | 16:00

       27 may 2019-cu il tarixdə Xocavənd rayon Mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədidir".

        Başçının müavini Əfsanə Quliyeva əvvəlcə dəyirmi masa iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin Sərəncamın imzalanmasından artıq 12 il keçir. Ə.Quliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı keçirilir. Aylığın keçirilməsində məqsəd insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Ə. Quliyeva vurğuladı ki, Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyev 1997-ci ildə Sərəncam imzalayıb. Ulu öndərimiz Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. Natiq bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən birinin insan hüquqlarına hörmət anlayışının olmasını diqqətə çatdırdı. O, qeyd etdi ki, insan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır. Ə.Quliyeva onu da bildirdi ki, bu gün ölkəmizdə ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquqi islahatlar da həyata keçirilməyə başlamış və hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası ləğv edilmiş, Ümummilli Liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir.
     Tədbirdə çıxış edən Xocavənd Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseyinov qeyd etdi ki, cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Natiq dəyirmi masa iştirakçılarına əsas insan və vətəndaş hüquq və azadlıqlarından ətraflı məlumat verdi. Daha sonra bildirdi ki, hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi. Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir. Yeni Konstitusiyamızın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib. X.Mirhüseyinov vurğuladı ki, Konstitusiyamızın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. Daha sonra polis rəisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla a parılan siyasət nəticəsində hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlərdən və hal-hazırda aparılan yeni islahatlardan ətraflı məlumat verdi.
      Daha sonra çıxış edən Salakətin kənd tam orta məktəbin tarix müəllimi Telli Alıyeva və Xocavənd rayon Gənclər və idman idarəsinin rəisi Aslan Quliyev İnsan hüquqlarının tarixi haqqında ətraflı məlumat verdilər. Qeyd edildi ki, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. Vurğulandı ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. Daha sonra müstəqil ölkəmizdə insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərdən, ölkəmizin insan hüquqları sahəsində qoşulduğu beynəlxalq təşkilatlardan və onların fəaliyyətindən danışıldı.
     Tədbirdə Salakətin kənd tam orta məktəbinin şagirdlərinin maraqlı çıxışları dinlənildi. Sonda mövzu ilə bağlı maraqlı diskussiya aparıldı.

Keçidlər