Şriftin ölçüsü :

Saytın rəngi :

“Topaz futbol festivalı 2019” turniri çərçivəsində Xocavənd qəsəbəsində yarış keçirilib

03 iyun 2019 | 16:00

         Mini futbol üzrə “Topaz futbol festivalı 2019” turniri çərçivəsində Xocavənd qəsəbəsində yarış keçirilib. Regional yarışda Xocavənd, Füzuli, Beyləqan və Ağcabədi rayonlarından 8 komanda mübarizə aparıb. Turnirin açılış mərasimində “Caspiantech” QSC-nin bölgə kuratoru Elmir Rüstəmov çıxış edərək, “Topaz futbol festivalı 2019” haqqında məlumat verib. Bildirib ki, “Topaz futbol festivalı”nın keçirilməsinin məqsədi Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini artırmaqdır. Respublikamızın 7 bölgəni əhatə edəcək festivala, ümumilikdə, 56 komanda, o cümlədən 672 iştirakçı və onlarla könüllü qatılacaq. Bölgə yarışlarının qalibləri sonda Bakı finalında qarşılaşacaq.
          Futbol veteranı Bakir Həsənov və Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev çıxışlarında idmanının inkişafı, perspektivli idmançıların aşkarlanması, gənclərin maraqlarının təmin olunması baxımından turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
          Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev turnirin xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.
         Çıxışlardan sonra Azərbaycanın Dövlət himni səsləndirilib və püşkatma ilə bölünən komandalar yarışa başlayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Füzuli rayonunun “Füzuli FK” komandası birinci, “Füzuli” komandası ikinci, Beyləqan rayonunun “Təhsil” komandası üçüncü yerə layiq görülüb. Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.
Tədbir çərçivəsində, həmçinin konsert və viktorinalar keçirilib. İdmanın futbol növünə aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.

Keçidlər