Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT nümayəndələri Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qəbulunda olublar.

04 iyun 2019 | 16:00

       04 iyun 2019-cu il tarixdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Xocavənd rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilmişdir. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik, şəxsi nümayəndənin səhra köməkçiləri, Oqnyen Joviç, Saymon Tiller, eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və II ordu birləşməsinin əməkdaşları keçirmişlər. Monitorinqdən əvvəl iştirakçılar Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər.
         Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları səmimi qarşılayaraq, onları Qarabağda, öz doğma yurdumuzda salamlayacağına ümid etdiyini bildirib. Bunun üçün isə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon 300 min insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Bunun həyata keçməsi, regionda əbədi sülhün təmin olunması üçün isə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir. Eyvaz Hüseynov qeyd edib ki, ATƏT tərəfindən heç bir addım atılmır, buna görə biz ATƏT-ə olan ümidimizi itirmişik.
       Rayon İcra Hakimiyyətinin başçısı münaqişənin tarixi köklərinə nəzər salıb, işğal edilmiş torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən qanlı soyqırımı aktlarının törədildiyini, etnik təmizləmə aparıldığını diqqətə çatdırıb. “Dünyanın güclü dövlətləri ATƏT-in üzvüdürlər. Bu dövlətlərin problemlə bağlı fəaliyyətlərinin heç bir real nəticəsi yoxdur. Nə qədər ki, Avropa dövlətləri erməni yalanlarına inanır, bəzən ona dəstək verir, vəziyyət daha da gərginləşir. Biz də münaqişənin sülh yolu ilə həllini istəyirik. İstəyirik ki, işğal edilmiş torpaqlarımız danışıqlar yolu ilə qaytarılsın. Lakin erməni tərəfi danışıqları uzadır, torpaqlarımızı işğal altında saxlayır, işğal etdiyi Azərbaycan torpaqlarında zavodlar tikir, məskunlaşma siyasəti aparır, terroristləri bu ərazidə yerləşdirir, dünya dövlətləri isə susur. Bizə deyirsiniz ki, müharibə olmaz, məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Danışıqlar uzanır, mənim torpağım isə hələ də erməni işğalındadır. Lakin bütün dünya bilsin ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun öz ərazi bütövlüyünü təmin edəcək” - deyə E.Hüseynov bildirib.
          Daha sonra bölgədəki vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən İcra Hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda intensiv xarakter daşıdığını bildirib. Hərbçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərin, onlara məxsus avtomobillərin, mal-qaranın Ermənistan ordusu tərəfindən hədəf seçildiyi diqqətə çatdırılıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.

Keçidlər