Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏHİDİMİZ" KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ XOCAVƏNDLİ KÖNÜLLÜLƏR ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİBLƏR

10 dekabr 2019 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 02-09 dekabr tarixlərində ölkəmizdə təşkil olunmuş “Könüllülük həftəsi” çərçivəsində Xocavənd rayonunda da silsilə tədbirlər təşkil edilmişdir. 06.12.2019-cu il tarixdə keçirilmiş növbəti “Şəhidim” devizi ilə gənc könüllülər 500 ailəlik Xocavənd qəsəbəsində məskunlaşmış Qaradağlı kənd sakini şəhid atası Rüstəmov Gülüm Məmməd oğlunun ailəsini ziyarət etmişlər. Görüşdə çıxış edən könüllülərlə iş üzrə koordinator Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov, Rüstəmov Gülüm Məmməd oğlunun övladı Şəhid Tağıyev Zakir Gülüm oğlunun keçdiyi ömür yolu haqqında könüllülərə məlumat verərək bildirmişdir ki, 17 fevral 1992-ci il tarixdə ermənilər tərəfindən işğal edilmiş Qaradağlı kəndi düşmənə qarşı 4 il 4 ay güclü müqavimət göstərmiş, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir. Qeyri bərabər döyüşlərdə kənd özünümüdafiə dəstəsi üzvlərinin sursatı tükəndiyindən mübarizəni davam etdirə bilməmiş və sonda 114 nəfər kənd sakini ermənilər tərəfindən əsir götürülmüşlər. Əsir götürülən kənd sakinlərindən 33 nəfəri “Bəylik bağı” adlanan ərazidə ermənilər tərəfindən güllələnmiş və yaralı halda olanları meyitlərlə birgə təsərrüfat quyusuna tökərək üzərilərini torpaqla örtmüşlər. Həmin hadisədə Tağıyev Zakir Gülüm oğlu da ermənilər tərəfindən qətlə yetirilmişdir.

Şəhid atası öz növbəsində onları yad edən könüllüləri salamlayaraq, gənclərə xoş arzularını bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Gülüm Rüstəmov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq, onların bütün problemlərinin zamanla həll olunduğunu bildirmişdir. Eyni zamanda Şəhid atası Cənab İlham Əliyevin qətiyyəti sayəsində tezliklə itirilmiş Qarabağ torpaqlarının düşmən tapdağından azad olunacağına əminliyini ifadə etmişdir. Sonda könüllülərlə şəhid ailəsi birgə xatirə şəkili çəkdirmişlər.

Keçidlər