Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə 2017-ci ilin Fevral Şəhidlərinin xatirəsinə inşa edilmiş Xatirə parkının açılışı olmuşdur.

25 fevral 2020 | 16:00

        25 fevral 2020-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin fevral şəhidlərinin xatirəsinə inşa edilmiş “Xatirə Parkı”nın açılışı olmuşdur. II Ordu birləşməsi rəhbərliyinin, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının, hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi ziyarət olunmuş, sonra isə 2017-ci ilin fevral ayında düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbiçilərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağaclar əkilmişdir. Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilmiş eyni zamanda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani rəsmi hissəni açıq elan edərək, iştirakçılara 2017-ci ilin fevral şəhidlərinin ailə üzvlərini təqdim etmişdir. Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına rayon ictimaiyyəti adından baş sağlığı vermiş, Azərbaycanın süverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir. Başçı 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş hadisədən söz açaraq hərbiçilərimizin həmin əməliyyat zamanı göstərdikləri fədakarlıqların bir qəhrəmanlıq nümunəsi olduğunu bildirmişdir. Eyvaz Hüseynov bildirmişdir ki, günü-gündən güclənən Azərbaycan ordusu tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək və nigaran şəhid ruhları rahatlıq tapacaqdır. Açılış mərasimində çıxış edən II Ordu birləşməsinin komandiri General-mayor Mais Bərxudarov şəhid ailələrinə, doğmalarına öz salamlarını çatdırmış və onlara ulu tanrıdan səbr diləmişdir. Komandir 2017-ci il fevralında şəhid olmuş hərbiçilərin hər biri haqqında ətraflı məlumat verərək bildirmişdir ki, onlar doğrudan da əsl qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmışlar. Mais Bərxudarov döyüş tapşırığı yerinə yetirən zaman şəhid olmuş hərbiçilərin döyüş meydanında belə bir-birlərinə olan sədaqətini kişilik simvolu kimi xarakterizə etmişdir. Şəhidlik zirvəsinə ucalmağın hər kəsə nəsib olmadığını diqqətə çatdıran General, şəhidlərimizin dünya durduqca anılacaqlarını, onlar haqqında əfsanələr, rəvayətlər yaranacağını və əbədi olaraq qəlblərdə, yaddaşlarda yaşayacaqlarını əminliklə qeyd etmişdir. Sonda Salakətin kənd tam orta məktəbin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş etdirilmişdir.

 

Keçidlər