Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllük hərəkatında iştirak edərək bu aksiyanın iştirakçısı olmaq mənim karyera həyatımda atdığım ilk və ən önəmli addım olmuşdur

18 may 2020 | 16:00

            İllər keçir, zaman ötür, çox şeylər dəyişir. Amma "Gənclər bizim gələcəyimizdir” şüarı həmişə dəyişməz və aktual olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır. Gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Gənclər hər zaman cənab Prezidentin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalayır. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bu gün gənclərin dövlətimizin ictimai, sosial, iqtisadi, siyasi həyatında müəyyən bir rola sahib olması, mütərəqqi bir inkişaf yolu tutması İlham Əliyevin apardığı dövlət siyasətinin səmərəli nəticəsi olmaqla yanaşı, gənclərə verdiyi dəyərin bariz nümunəsidir.

       Ölkəmizdə aparılan gənclər siyasəti gənclərin yeni inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının da geniş vüsət almasına şərait yaradıb. 2019-cu il fevral ayının 1-də Gənclər Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında gənclərin Könüllülük hərəkatına qoşulmaqla təcrübi biliklərinin artırılması, peşə vərdişlərinə yiyələnməsi, potensialının üzə çıxarılması kimi amilləri vurğulayan cənab Prezident bu hərəkatın geniş vüsət almasının gənclərin inkişafında prioritet məsələ olduğunu bildirmişdir. Kəlbəcər Rayon İcra Kimiyyətinin yeni təyin olunan başçısını qəbul zamanı gənclərin son illər ərzində ictimai həyatda çox fəal rol oynadıqlarını bildirən cənab Prezident könüllülər hərəkatının vacibliyini bir daha vurğuladı: “Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər”.
Möhtərəm Prezidentimiz 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında da yerli icra hakimiyyətləri qarşısında bu vəzifəni qoymuşdur. Cənab Prezidentin tapşırığının icrasını təmin etmək məqsədilə 2019-cu ilin mart ayından etibarən Xocavənd Rayon İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsinə başlamışdır. Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə könüllülərlə iş üzrə koordinator və könüllülərlə müqavilə bağlamaq səlahiyyəti olan şəxs müəyyən edilmişdir. Rayon İcra Hakimiyyətinin veb-səhifəsində “Könüllü fəaliyyət” əsas bölmə olmaqla, müvafiq altbölmələr yaradılmış, könüllü fəaliyyətinə başlanılması barədə İcra Hakimiyyətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq elanlar yerləşdirilir. 2019-cu il ərzində 11 nəfər gənc iki aylıq iş təcrübəsindən keçmiş və hər birinə sertifikat təqdim edilmişdir. Həmin könüllü gənclərdən 9 nəfəri artıq rayonun müxtəlif idarə və müəssisələrində işlə təmin olunmuşdur. Mən də 2019-cu ildə Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan ilk könüllülərdənəm. Könüllük hərəkatında iştirak edərək bu aksiyanın iştirakçısı olmaq mənim karyera həyatımda atdığım ilk və ən önəmli addım olmuşdur. 2 ay ərzində müxtəlif şöbələrdə iş prinsipi ilə tanış olmaq, peşə vərdişləri və nəzəri biliklər yiyələnmək, kollektivə uyğunlaşmaq baxımından bu təcrübənin mənə çox böyük təsiri oldu. Könüllü kimi fəaliyyətimi başa vurduqdan sonra isə Xocavənd Rayon İcra Hakimiyyətindən mənə böyük etimad göstərildi və başçının köməçisi vəzifəsinə təyin olundum. Əlbəttə, bu mənim üçün çox sevindirici bir hal oldu. Könüllü kimi fəaliyyətə başladığım dövlət təşkilatında artıq iş həyatina atılırdım. Mənim kimi könüllülük fəaliyyətinə başlayan əksər gənclər hazırda dövlət qurumlarında və ictimai təşkilatlarda müxtəlif vəzifələrdə çalışırlar. Bu fakt isə könüllü fəaliyyətin nə dərəcədə uğurlu olmasını bir daha təsdiq edir.
       Prezident İlham Əliyev daim gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir. Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) də könüllülük hərəkatının genişlənməsində müstəsna rola malik oldu. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
Mən bir gənc, dövlət qulluqçusu və müstəqil Azərbaycan dövlətinin bir vətəndaşı kimi cənab Prezident İlham Əliyevə Xocavənd gəncləri adından bizə göstərilən diqqət və dəstəyə görə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
        Hörmətlə
      Xocavənd Rayon İcra Hakimiyyəti başçısının köməkçisi
      Xocavənd könüllüsü Cəfərov Cabir Məhiyəddin oğlu

Keçidlər