Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanların sağlamlığı bütün vəzifələrin fövqündə dayanır

09 iyul 2020 | 16:00

          İnsanların sağlamlığı bütün vəzifələrin fövqündə dayanır
          İlham ƏLİYEV: "Bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik”
Ötən ilin sonlarından yayılmağa başlayan COVID-19 infeksiyası gözlənildiyindən də təhlükəli olmaqla bütün ölkələri təhdid etməkdə davam edir. Hazırda dünyada koronaviusa yoluxanların sayı 11,5 milyonu ötüb. Vəfat edənlərin sayı isə 530 mindən çoxdur. Bu qədər insan ölümünə səbəb olduğuna görə COVID-19-u haqlı olaraq müharibə ilə də müqayisə edirlər.
İnfeksiyanın yayılmağa başladığı dövrdən, xüsusilə ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk gündən başlayaraq Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən bütün istiqamətlər üzrə ciddi çevik və qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, vəziyyətin nəzarət altına alınması və kütləvi yoluxmanın qarşısının alınması məqsədilə təhsil prosesinin dayandırılması, bütün kütləvi tədbirlərin ləğv edilməsi, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması da daxil olmaqla bir sıra qabaqlayıcı və effektli hesab olunan qərarlar qəbul edildi.
Həmçinin qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi.
COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi. Hazırda respublikamızın 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Həmçinin bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb, onlardan 5-i artıq istifadəyə verilib, ən müasir standartlara cavab verən laboratoriyalar alınıb. Fevral ayında Azərbaycanda cəmi 6 laboratoriya mövcud olduğu halda, qısa müddətdə onların sayı 29-a çatdırılıb. Tibb müəssisələrinin texniki təminatı, xüsisi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirilməsi təmin edilib. Ən mühüm addımlardan biri də o oldu ki, ölkəmizdə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil edildi və qısa müddətdə bu sahədə olan çatışmazlıqlar aradan qaldırıldı.
Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın bir sıra bölgələrində, xüsusən inkişaf etmiş Avropa ölkələrində yaranmış kəskin vəziyyət Azərbaycanda müşahidə olunmadı. İyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından və bu tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra müsahibə verən Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə görülən işlər barədə danışaraq bildirib ki, qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyət nəzarətdə saxlanılır: "Bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır”.

Keçidlər