Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin (Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) icrası çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən sistemli və ardıcıl tədbirlər davam etdirilir. Qeyri-hökumət təşkilatları (QHT) və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, idarəetmədə açıqlıq və şəffaflıq prinsiplərinin bərqərar olunması məqsədilə rayon ərazisində fəaliyyət göstərən QHT, ictimai birlik və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müxtəlif istiqamətlər üzrə maarifləndirici birgə tədbirlər təşkil olunmuşdur.Eyni zamanda, İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın kollegial iclaslarında və müzakirələrində QHT nümayəndələrinin fəal iştirakı təmin edilmişdir. Yerli əhəmiyyətli qərarların qəbulu, sosial-iqtisadi layihələrin planlaşdırılması və icrası zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin səsləndirdiyi rəy, təklif və tövsiyələr hərtərəfli təhlil olunaraq nəzərə alınmışdır.Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında institusional tərəfdaşlığın daha da dərinləşdirilməsi, eləcə də birgə sosial-maarifləndirmə layihələrinin icrası məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti və “Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi təlim kursu keçirilmişdir. Təlim zamanı korrupsiya risklərinin qiymətləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına riayət olunması və dövlət qulluğunda şəffaflığın artırılması mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Azər Süleymanov mövzunun strateji aktuallığını diqqətə çatdıraraq,ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dövlət siyasətinin ana xəttini şəffaflıq, ədalətlilik və hüququn aliliyi prinsipləri təşkil etdiyini bildirmişdir. A.Süleymanov korrupsiyaya qarşı mübarizə bu siyasətin ən prioritet və təxirəsalınmaz istiqamətlərindən biri olduğunu və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, dövlət qulluqçuları və ictimaiyyət arasında sistemli maarifləndirmə işlərinin aparılması, hüquq düşüncəsinin və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırmışdır. A.Süleymanov öz çıxışında dövlət qurumlarında şəffaflığın artırılması və o cümlədən ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi əsas hədəflərdən olduğunu bildirmiş,həmçinin korrupsiya risklərinin minimuma endirilməsi və preventiv önləyici tədbirlərin effektivliyinin yüksəldilməsi vacib şərt olduğunu və hər bir dövlət qulluqçusu və yerli icra hakimiyyəti əməkdaşı üzərinə düşən xidməti vəzifələri yüksək məsuliyyətlə, vicdanla və qanunvericiliyin tələblərinə dəqiq riayət etməklə yerinə yetirməli olduğunu bir daha vurğulamışdır.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, antikorrupsiya sahəsində dövlət-QHT tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə davam etdiriləcəyi və analoji maarifləndirici tədbirlərin mütəmadi olaraq keçiriləcəyi vurğulanmışdır.






