Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahın fəsadları və məişət zorakılığı ilə mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib

04 noyabr 2026 | 15:21
“Erkən nikahın fəsadları və məişət zorakılığı ilə mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib.
4 noyabr 2026-cı il tarixində Xocavənd şəhər 1 saylı tam ümumtəhsil məktəbində “Erkən nikahın fəsadları və məişət zorakılığı ilə mübarizə yolları” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi erkən nikahın fəsadları, onun yeniyetmələrin fiziki və psixoloji sağlamlığına, təhsilinə və gələcək həyatına mənfi təsirləri barədə məlumatlılığın artırılması, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi olub. Dəyirmi masada çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Taleh Mirzəyev erkən nikahın cəmiyyətdə yaratdığı sosial problemlərdən, qızların təhsil hüququnun məhdudlaşdırılmasından, erkən yaşda ailə qurmağın sağlamlıq və psixoloji baxımdan doğurduğu risklərdən ətraflı bəhs edib. O, erkən nikahın yalnız fərdi deyil, bütövlükdə cəmiyyət üçün ciddi sosial problem olduğunu, yeniyetmələrin inkişafına, təhsil imkanlarına və gələcək həyat perspektivlərinə mənfi təsir göstərdiyini vurğulayıb. Tədbir zamanı məişət zorakılığının fiziki, psixoloji və iqtisadi formaları, onun ailə üzvlərinə, xüsusilə qadınlara və uşaqlara vurduğu mənəvi və fiziki zərərlər də geniş müzakirə olunub. Qeyd edilib ki, zorakılığın qarşısının alınması üçün hüquqi maarifləndirmənin artırılması, ailədaxili sağlam münasibətlərin təşviqi, gender bərabərliyinin təmin edilməsi və zərərçəkmiş şəxslərə vaxtında dəstək göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Daha sonra Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Eynur Hüseynov çıxış edərək erkən nikah və məişət zorakılığı ilə mübarizədə ailələrin, təhsil müəssisələrinin, aidiyyəti dövlət qurumlarının və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayıb. O, yeniyetmələrin hüquqlarının qorunması, təhsildən yayınma hallarının qarşısının alınması, risk qrupuna daxil olan şəxslərin vaxtında müəyyən edilməsi və onların psixoloji müdafiəsinin təmin olunmasının əhəmiyyətindən danışıb. Dəyirmi masa çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab alıb və erkən nikahın, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində təkliflərini səsləndiriblər. Sonda sağlam ailə münasibətlərinin formalaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, erkən nikah və məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Keçidlər