Şriftin ölçüsü :

Saytın rəngi :

"Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq"

10 yanvar 2021 | 16:00

   Nübar Abbasova: "Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq"
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu əks-hücum nəticəsində bir-birinin ardınca şəhər, rayon və kəndləri erməni işğalçılarından azad etmiş, tarixi torpaqlarımızı tarixi sahiblərinə qaytararaq Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Baxmayaraq ki, Azərbaycan ordusu erməni separatçılarının kökünü kəsməyə qadir idi, Azərbaycan hökuməti böyük jest edərək 10 noyabr 2020-ci il tarixində  Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə birgə bəyanat imzalayaraq, ermənilərin dinc şəkildə kapitulyasiyasına imkan verdi. Əlavə insan tələfatının olmaması üçün ermənilərə ərazilərin boşaldılması üçün vaxt verildi. Kəlbəcərin boşaldılması üçün Rusiyanın xahişi ilə əlavə 10 gün də vaxt verməklə, Bakı 10 noyabr razılaşmasına sadiq qaldığını əməldə nümayiş etdirdi. Beləliklə, 20 noyabr tarixində Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabr tarixində isə Laçın rayonu erməni separatlılarından təmizləndi. Bu vəzifəni müqavilənin şərtlərinə əsasən Rusiya sülhməramləıları icra etdilər.
    İmzalanmış bəyanatın şərtlərində Rus sülhməramlıları ilə bağlı bəndlərə diqqət edək. Bəyanatın 3-cü bəndində deyilir: “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir”[3]. Dördüncü bənd sülhməramlı qüvvələrin Qarabağda qulluq müddəti ilə bağlıdır: “ Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır” . Beşinci və doqquzuncu bəndlərdə isə həmin quvvələrin Laçın dəhlizinə nəzarəti ilə bağlı müddəa var :  “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. ... Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. ... Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir” 
   Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi general-polkovnik Sergey Rudski Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatlara həsr olunmuş brifinq keçirmiş, həmin brifinqdə “ Rusiyanın sülhməramlı kontingenti atəşkəsin və hərbi əməliyyatların həyata keçirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ ərazisinə və Laçın dəhlizinə gətirilir. Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının bölmələrindən ibarət olan sülhməramlıların ümumi sayı 1960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarətdir. Sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün hərbi aviasiya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi də nəzərdə tutulur”, – deyə vurğulamışdır
   Rusiyanın bölgədəki nüfuzunun və təsir imkanları böyük olduğunu nəzərə alan Azərbaycan hökuməti Rusiyanın münaqişənin həllində fəal rol oynaya biləcəyini düşünərək atəşkəsin dayanıqlı olması üçün Rusiya sülhməramlılarının münaqişə zonasına gəlişinə də imkan verdi. Razılaşmanın qaydalarına əməl olunaraq Laçın, Kəlbəcər və Ağdam şəhərləri erməni separatçılarından təmizlənərək Azərbaycan hökumətinə təhvil verildi.
   Təəssüf ki, Rus sülhməramlılarının 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atdığının şahidi olduq.
Bunlardan birincisi Rusiya sülhməramlılarının xəritə manipulyasiyası oldu. Bu məsələ Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılandı. Hökümət dərhal bu məsələyə reaksiya verdi. “Milli Məclis sədrinin müavini Adil Əliyev  vurğulayıb ki, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz: "Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli bəyanatın şərtlərinə birbaşa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırılmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı” . 
     Yanvarın 6-da keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sülhməramlıların fəaliyyətindən də söz açmışdır.
“Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq” . Prezidentin sözlərindən də gördüyümüz kimi sülhməramlıların fəaliyyəti və eləcə də Dağlıq Qarabağda baş verən siyasi proseslər ciddi nəzarətdədir. Geosiyasi statusundan asılı olmayaraq heç bir qüvvə razılaşmanın müddəalarını və üzərinə düşən səlahiyyətləri aşa bilməyəcək. “İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır” deyərək Ali Baş Komandan Ermənistan hökümətini xəbərdar etmiş, onlara “dəmir yumruğu” xatırlatmışdır.
    Cənab Prezidentin siyasi istiqamətdə göstərdiyi sərt münasibətin tam əksini humanitar istiqamətdə göstərdiyinin şahidi oluruq. Ermənistan rəhbərliyinə ultimatum şəklində “Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində” [4] dəyən Ali Baş Komandan sonrakı çıxışında: “Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”  söylədiyinin şahidi oluruq. Bu, birmənalı şəkildə Azərbaycan Prezidentinin, Azərbaycan hökümətinin və cəmiyyətinin humanist mövqeyinin göstəricisidir. “Əlbəttə, biz imkan verməyə də bilərdik”, -- deməklə Cənab prezident səlahiyyətini xatırladır, “... başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın”,-- deməklə də milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların rifahının prioritet olduğunu göstərir.
   Humanist, mltikultural və tolerant mövqeyi Azərbaycan Prezidentinin bütün siyasi fəaliyyətində qirmizi xətt kimi görünür. Daha sonra çıxışında “Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir” söyləməklə Azərbaycan rəhbərliyinin siyasi mövqeyini və humanizm göstərməsinin səbəbini göstərir.
   Yuxarıda yazılanları ümumiləşdirib söyləyə bilərik ki, Rusiya sülhməramlıların fəaliyyəti Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi nəzarətindədir. Sülhməramlılar isə bəyanatla müəyyənləşmiş funksiyanın hüdudlarını yalnız Azərbaycan Prezidentinin  yol verə biləcəyi qədər aşa biləcəklər. Əks təqdirdə “dəmir yumruq” yenidən işə düşəcək. Bundan sonra əzilən təkcə Ermənistan olmayacaq, eləcə də Rusiyanın Azərbaycandakı olan-qalan imici də zərbə alacaq.

Keçidlər