İnfrastruktur
İnfrastruktur
“Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”na əlavələrdə nəzərdə tutulmuş bəndlərdə rayonun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin salınması məqsədilə yaşayış evlərinin tikintisi altına 65 ha, burada məskunlaşmış məcburi köçkünlərə kənd təsərrüfatı məqsədi ilə 320 ha olmaqla cəmi 385 ha torpaq sahəsi ayrılmış, layihə smeta sənədləri hazırlanıb Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna göndərilmişdir. Həmçinin Ağcabədi rayonu “Alman” qəsəbəsində məskunlaşmış Xocavənd rayonundan olan 215 ailə olmaqla, 793 nəfər Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş çoxmərtəbəli yaşayış binalarına köçürülmüşdür.Xocavənd qəsəbəsinin abadlaşdırılması, Təhsil və Polis Şöbəsi üçün inzibati binanın, Bayraq Meydanının və İdman zalının tikintiləri ilə bağlı işlərə başlanılmış və hal-hazırda işlər davam etdirilir. Rayon Poçtamtının əsaslı təmiri isə başa çatdırılmışdır. Xocavənd qəsəbəsinin telefonlaşdırılması işlərinə başlanılmış, bu məqsədlə qəsəbədə 512 abonentlik Türkiyə Respublikasının “Karel” şirkətinin Elektron ATS-i quraşdırılaraq 210 evə telefon xəttinin çəkilməsi təmin edilmiş və bu istiqamətdə işlər davam etdirilir. “Yeni Xocavənd” , ”Xocavənd”, “Yeni Tuğ” və “Yeni Qaradağlı”qəsəbələrinin qazlaşdırılması başa çatdırılmışdır. “Yeni Tuğ” qəsəbəsində məskunlaşmış məcburi köçkünlər içməli su ilə təmin edilmişdir. Xocavənd qəsəbəsində sakinlərin öz məvacib və pensiyalarını vaxtlı-vaxtında alması üçün bankomat quraşdırılaraq rayon əhalisinin istifadəsinə verilmişdir.“Yeni Xocavənd” qəsəbəsində kanalizasiya və su xətlərinin çəkilişi ilə bağlı işlərə başlanılmış və hal-hazırda işlər davam etdirilir. Rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Belə ki, cari ildə 750 ədəd xan çinarı, 120 ədəd meyvə ağacları alınaraq əkilmişdir.