Şriftin ölçüsü :

Saytın rəngi :

Sözü imzası qədər qüvvətli olan lider!

18 yanvar 2021 | 16:00

Sözü imzası qədər qüvvətli olan lider!
    Prezident  İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”- deyirdi. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Prezident 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında  çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.
     Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa. Amma sən saydığını say, gör Azərbaycan Ordusu nə sayır! Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana ordusunun parlaq zəfəri bu  iyrənc,  təkəbbürlü ifadələrin sahiblərini qorxaqcasına susmağa məcbur edir.
     Prezident çıxışlarının birində onu da demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.
Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa etdi. Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu da bacardı. Son olaraq Prezidentin məşhur fikirləri ilə yazını yekunlaşdırım: “Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.

Keçidlər