Şriftin ölçüsü :

Saytın rəngi :

"Bayrağım-varlığım, bəxtiyarlığım" devizli tədbir keçirilmişdir.

09 noyabr 2016 | 16:00


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və  Xocavənd Rayon İcra Hakimiyyətinin   birgə təşkilatçılığı ilə  Xocavənd qəsəbəsindəki Dövlət Bayrağı Meydanında "Bayrağım-varlığım, bəxtiyarlığım"  devizli  tədbir  təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkili Xanhüseyn Kazımlı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup əməkdaşı və Yaradıcılıq Mərkəzinin üzvləri , rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak edib. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni oxunub. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək  hərbi vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də hər bir vətəndaşın Dövlət bayrağına sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Dövlət Bayrağı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının, müstəqilliyinin rəmzi olan bayrağımızın tarixi haqqında məlumat verib. Başçı Xocavənd qəsəbəsində belə möhtəşəm tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını vurğulamışdır. O qeyd etmişdir ki, “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsi gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasına, ordu-xalq birliyinin formalaşmasına xidmət edən vacib amillərdən biridir. Millət vəkili, UNEC-in kafedra müdiri, professor Xanhüseyn Kazımlı bildirib ki, hərbi vətənpərvərlik həftəsi gənc nəslin vətənə, torpağa olan bağlılığının və bayraq sevgisinin artırılmasına xidmət edir. Açıq səma altında Azərbaycan bayraqları sərgisi tədbir iştirakçılarının marağına səbəb olub. Sərgidə Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar,Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və digər xanlıqların bayraqları, həmçinin Böyük Vətən müharibəsində 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları nümayiş etdirilib. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin ifasında səsləndirilən hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlar tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb.

 

Keçidlər