Şriftin ölçüsü :

Saytın rəngi :

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiya şöbəsinin əməkdaşları Xocavənd qəsəbəsinə səfər etmişlər

01 noyabr 2017 | 16:00

       Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiya şöbəsinin əməkdaşları Xocavənd qəsəbəsinə səfər etmişlər. Səfər çərçivəsində qonaqlar Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qəbulunda olmuşlar. Dilçilik İnstitutun direktoru akademik Möhsün Nağısoylu Azərbaycan dilinin Qarabağ dialektoloji atlası barədə geniş məlumat verdi.
     Başçı layihə iştirakçılarına minnətdarlıq edərək bildirdi ki, Azərbaycan dilinin Qarabağ dialektoloji atlası dilçilik baxımından önəmli olmaqla yanaşı, həm tarixi həm də siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir. Qarabağ azərbaycanlılara məxsus qədim tarixə malik yaşayış məskənlərindən biridir. Ermənistan isə açıq şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa iddia irəli sürür. Azərbaycana qarşı ərazi iddialarının kökü hələ ötən əsrin əvvəllərinə gedib çıxır. Əvvəlki əsrlərdən tədricən Azərbaycan ərazilərində məskunlaşan ermənilər fürsət düşdükcə, həmin əraziləri mənimsəmə niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Məlum olduğu kimi, Çar Rusiyasının himayəsi ilə İran və Türkiyədən indiki Ermənistan, əslində isə tarixi Azərbaycan ərazilərinə köçürülməklə bəlli bir etnik üstünlüyə sahiblənmişlər. Nəticə olaraq həmin əraziləri ermənilər zamanla mənimsəyə bildilər. Məhz Dağlıq Qarabağda da vəziyyət bu ssenari ilə reallaşmışdır. Burada xeyli sayda erməninin məqsədyönlü şəkildə məskunlaşması Qarabağa da onların ərazi iddialarına gətirib çıxardı. Tarixi faktlar Dağlıq Qarabağda daim azərbaycan-türk amilinin üstünlüyə malik olduğunu sübut edir. Məlum olduğu kimi, Dağlıq Qarabağ daim Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur. On səkkizinci əsrdə yaranmış Qarabağ xanlığının da yaradıcıları azərbaycanlılar olmuşlar. Bu onu göstərir ki, Qarabağda dominant mövqe azərbaycanlılara məxsus idi. Hətta Çar Rusiyası dövründə də əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük təşkil etmişlər. Məhz bu tarixi həqiqətlərin öyrənilməsi, üzə çıxarılması təhlil edilməsi hazırkı situasiyada ciddi aktuallıq daşıyır. Bu atlasın özü mənfur qonşularımıza bir cavab olacaq. Çünki Qarabağın azərbaycanlı əhalisi qədim və zəngin dil xüsusiyyətlərini bugünə kimi qoruyub saxlamışlar. Siz tədqiqatlar zamanı bunun bir daha şahidi olacaqsınızı .
Görüşün sonunda xatirə şəkli çəkdirildi

Keçidlər