Şriftin ölçüsü :

Saytın rəngi :

Nərgiztəpə abidə kompleksi

Nərgiztəpə abidəsinin bukleti

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə  Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisində  memorial abidə -xatirə kompleksi yaradılmışdır. Abidə kompleksinin məhz bu ərazidə qurulması mahiyyət etibarı ilə bir neçə cəhətdən əhəmiyyətlidir. Belə ki, 1993- cü ilin sonları və 1994-cü ilin əvvəllərində Xocavənd rayonunun Nərgiztəpə eləcədə digər ərazilərinin düşmən tapdağından azad olunması uğrunda və ümumiyyətlə Xocavənd istiqamətində qanlı döyüşlər getmiş, bu ərazilər dəfələrlə əldən-ələ keçmiş,  müqəddəs Vətən torpağının hər qarışı Xocavəndlilərlə yanaşı ölkəmizin müxtəlif bölgələrindən olan igid oğulların qanları ilə suvarılmışdır. Həmin dövrdə düşmənə sarsıdıcı zərbə endirən silahlı qüvvələrimiz uğurlu döyüş əməliyyatları keçirərək Xocavənd Rayonunun – Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan böyük bir ərazini düşmənlərdən azad etməyə müvəffəq olmuşlar.Eyni zamanda bu ərazilərin Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsi olması və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində 1116 saylı inventar nömrəsi ilə qeydə alınmış orta Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilən Nərgiztəpə maddi mədəniyyət abidəsinin burada yerləşməsi və 1994-cü ilin 10 aprel tarixində Ümummilli Lider Heydər Əliyevin burada Xocavənd taborunun döyüşçüləri ilə səngərdə görüşməsi və onlarla söhbət etməsi faktları bu ərazilərin mahiyyət etibarı ilə böyük əhəmiyyət daşımasını şərtləndirir. İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə doğma torpaqlarımızın müdafiəsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda canından və qanından keçən igid oğul və qızlarımızın xatirəsinə dərin ehtiram əlaməti olaraq Nərgiztəpə ərazisində rayon şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə  Abidə kompleksi yaradılmış, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin aprel ayında olduğu Daşlıtəpə ərazisində xatirə lövhəsinin, Ulu Öndərin həmin səfərini əks etdirən fotoşəkillər və əsgərlər qarşısında etmiş olduğu tarixi çıxışından ibarət plakatların hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eyni zamanda qızğın döyüşlərin getdiyi bir vaxtda döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş və ya yaralanaraq  sağlamlıqlarını itirmiş qəhrəman oğullarımızın qanları töküldüyü yerlərdə xatirə lövhələri qurulmuşdur. Abidə kompleksinin yaradılmasında əsas məqsəd  şanlı tariximizi yaşatmaqla bərabər eyni zamanda böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaqdan ibarət olmuşdur ki, artıq rayonun ümumtəhsil məktəblilərində təhsil alan şagirdlərin buraya ekskursiyayaları təmin olunur və bu ekskursiyalar zamanı şagirdlərə verilən bilgilər onların düşüncələrinə əhəmiyyətli dərəcədə təsir edir.

 

 

Keçidlər