Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMI

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün  Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz  qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan si­lah­lı qüv­və­lə­ri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağ­­lıq Qarabağ böl­­gə­­sinin (4,4 min km²) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan  çox   əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaç­qın vəziy­yə­­tinə düş­məsinə gətirib çıxartdı.Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox his­sə­si Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.  İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və ekspanatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır.  Bundan əlavə,  927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi-əlyazmalar məhv edilmişdir. Hərbi təcavüz respublikanın 17 min km2 ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yolunun, 160 körpünün, 23 min km. su və 15 min km. elektrik xəttinin dağıdılmasma səbəb olmuşdur. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbələrdən əlavə, Azərbaycan iqtisadiyyatına təxminən 60 mld. ABŞ dollarından çox ziyan dəymişdir.Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti  də kütləvi qırğınlarla müşayiət olunmuşdur.   Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər  azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqrımı bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.Planlı şəkildə həyata keçirilən bu soqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskənini yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə malik olan ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox  əhalisi olan Xocalı (ərazisi: 0,94 kv. km.) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni-rus birləşmiş silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. Çünki, Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının  Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş,  yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyot şəhərə çatmamış yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raket atəşi nəticəsində partladıldı, içərisində  olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə, Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Belə ki, fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək isə, ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi (uşaq, qadın, qoca, cavan) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli fermasında 6 nəfəri yandırmışdılar.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını,  180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.  Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini  yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də  366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə müdafiə qabiliyyəti zəif olan bir şəhəri  müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı mühasirədə qalmış şəhərin  3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək göstərilə bilinməməsi səbəbindən həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də  366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.Hətta,  Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, "İzvestiya" qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbiçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: "Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü". Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla subut edən Rüsiyanın «Memorial» Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta, diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.Bununla yanaşı erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində də öz əksini tapmışdır.Ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan "Valer aktuel" jurnalı 14 mart 1992-ci il sayında hadisə haqqında məlumat verərək yazırdı: "Bu "muxtar regionda" erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər".Bundan əlavə, Fransanın "Le Mond" qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqinda deyilirdi: "Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır".Ermənilərin tərətdiyi vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin "The Times" qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: "Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. Insanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və oğlu qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür". Bundan əlavə, İngiltərənin "Faynenşl Tayms" qəzeti  1992-ci il 14 mart tarixli sayında rus ordusunun türkibində ermənilərin olması haqqında yazırdı: "General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır".Lakin, 1992-ci il martın 2-də Xocalı soyqırımında izləri itirmək üçün ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylanmışdır.Xocalı soyqırımının dünyaya çatdırılmasıBütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi bir sıra sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı - uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır.Bundan əlavə, 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox nöqtəsində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar,Xocalı faciəsini isə soyqirımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın ölkəsində uğurla həyata keçirilir.Bu, uğurlu kampaniya başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İSESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir.Artıq Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT Pİ) üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət" beynəlxalq Kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı facıəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyası keçirilmişdir. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini "insanlığa qarşı törədilmiş kütləvi cinayət" kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsi qəbul edilmişdir. İƏT Pİ Şurası üzv dövlətləri Qətnamənin 3-cü bəndində deyilir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını "insanlığa qarşı törədilmiş cinayət" kimi tanıyır.2012-ci il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası "Xocalıya ədalət" Beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə Forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsredilən bölmədə qeyd olunur: "Konfrans ... üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir".Bu tanınma 2009-cu ildən həyata keçirilən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" Beynəlxalq kampaniyasının fəaliyyətinin nəticəsi olmuşdur. İƏT Parlament İttifaqının faciəyə verdiyi qiymət İKGF və bu qurum arasında əməkdaşlıq haqqında müvafiq qətnamələrin tələblərindən irəli gəlir. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Nəzərə alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, bu qətnamə Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəddir.2012-ci il noyabrın 15-17-də Cibuti Respublikasının paytaxtı Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasının yekununda Cibuti bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzv ölkələrin mövqeyi əks olunmuş, Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilmişdir. Konfransda siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı sənədlər qəbul olunmuşdur.Bununla yanaşı, Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətləri ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT Xarici işlər nazirləri şurası tərəfindən həmin sessiyada qəbul edilmişdir. Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT Xarici işlər nazirləri şurasının üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır.İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır. Beləliklə, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqirımı aktı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Keçidlər