02 iyun 2023-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
02 iyun 2023 | 17:02
02 iyun 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsi haqqında danışaraq bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Vətən müharibəsindən keçən müddət ərzində Ermənistan dövləti tərəfindən cəbhənin müxtəlif istiqamətlərində törədilmiş istənilən təxribatlara Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildiyini bildirən E.Hüseynov 2023-cü ilin aprel ayında Ermənistan ilə sərhəddə, Laçın Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasının əhəmiyyətindən danışıb.
Başçı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı barədə danışaraq bildirib ki, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Artıq Böyük qayıdışın başlandığını qeyd edən E.Hüseynov bu prosesin tezliklə sürətlənəcəyini bildirərək, gələn ildə Xocavənd rayonu ərazisinə də sakinlərimizin köçürüləcəyini qeyd edib.
Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.