Şriftin ölçüsü :

Saytın rəngi :

02 noyabr 2026-cı il tarixində 320 ailəlik qəsəbədə məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir

02 noyabr 2026 | 09:21
02 noyabr 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 320 ailəlik qəsəbədə məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. İştirakçıları səmimi salamlayan Rayon İcra Hakimiyyətinin başçısı son bir ayda ölkə Prezidenti cənab İlham Əliyevin son dərəcə gərgin, çoxşaxəli və səmərəli fəaliyyət proqramı ilə seçildiyini diqqətə çatdırmışdır. Həm xarici diplomatik əlaqələr, həm respublikamızın ev sahibliyi etdiyi qlobal miqyaslı strateji tədbirlər, eləcə də ölkə daxilində aparılan quruculuq işləri və regionların inkişafı istiqamətində vacib qəbulların yüksək səviyyədə reallaşdırıldığı vurğulanmışdır.
Toplantıda xüsusilə qeyd olunmuşdur ki, ötən bir ay ərzində dövlət başçısının xarici siyasət və beynəlxalq əməkdaşlıq fəaliyyəti olduqca məhsuldar keçmişdir. Bakıda keçirilən qlobal tədbirlər çərçivəsində xarici ölkələrin nümayəndə heyətlərinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları rəhbərlərinin iştirakı ilə reallaşan strateji görüşlər böyük əhəmiyyət kəsb etmişdir. Bu dialoqlarda Türk dünyasının birliyi, regional təhlükəsizliyin qorunması və beynəlxalq əməkdaşlıq platformalarının gücləndirilməsi önə çəkilmişdir. Həmçinin, respublikamızda səfərdə olan xarici dövlət rəsmilərinin və beynəlxalq nümayəndə heyətlərinin qəbulu zamanı Azərbaycanın çoxtərəfli uğurlu diplomatiyası növbəti dəfə nümayiş etdirilmişdir.
Çıxışda Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) 8-ci qurultayındakı proqram xarakterli fikirlərinə və müəyyən etdiyi strateji hədəflərə geniş toxunulmuşdur. Cənab Prezidentin qurultayda vurğuladığı kimi, dünyada geosiyasi gərginliyin və mürəkkəb proseslərin sürətlə dəyişdiyi bir şəraitdə Azərbaycan xalqının sabitlik, təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması müasir dünyada böyük bir sərvətdir. Dövlət başçısı qeyd etmişdir ki, dünya xəritəsinə nəzər saldıqda Azərbaycan qədər sülh şəraitində yaşayan çox az ölkənin olduğu görünür və bu reallıqları nəzərə alaraq milli maraqlarımızın qətiyyətlə qorunması, müdafiə potensialımızın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri daim gündəlikdə saxlanılmalıdır.
Tədbirdə həmçinin ölkə rəhbərinin YAP-ın 8-ci qurultayında iqtisadi-sosial məsələlərlə bağlı verdiyi mühüm tapşırıqlar xatırladılaraq bildirilmişdir ki, dövlət proqramlarına uyğun olaraq artıq müvafiq göstərişlər verilmişdir və gələn il ölkədə minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər əhəmiyyətli dərəcədə qaldırılacaq, vətəndaşların sosial rifahının gücləndirilməsi tədbirləri davam etdiriləcəkdir.
Bununla yanaşı, cənab Prezidentin qurultayda bəyan etdiyi kimi, dövlətimizin əsas və ali vəzifələrindən biri Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpasıdır. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işləri fasiləsiz davam edir. Rəsmi hesabatların son məlumatlarına görə, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu qayıdışı təmin etmək üçün bu günə qədər bölgələrin inkişafına dövlət tərəfindən 28 milyard manat vəsait ayrılmışdır ki, onların böyük əksəriyyəti irimiqyaslı infrastruktur layihələrinə istiqamətləndirilərək uğurla başa çatdırılmışdır. Hazırda azad edilmiş 48 yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşması tamamlanmışdır və bundan sonrakı illərdə “Böyük Qayıdış” proqramının icrası daha da sürətlənəcəkdir.
Bu çərçivədə Xocavənd rayonu üzrə məskunlaşma prosesi də planlı və ardıcıl şəkildə həyata keçirilir. Belə ki, 2025-ci ilin oktyabr ayından bu günə qədər rayonun 8 yaşayış məntəqəsinə 1149 ailə (ümumilikdə 4744 nəfər) doğma yurdlarına geri dönmüşdür. Rayonda sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılıb, artıq yerli sakinlərin istifadəsi üçün məktəb və xəstəxana tam fəaliyyətə başlamışdır. Tədbirdə rayon sakinlərinə öz ata-baba torpaqlarına köçmələri ilə bağlı çağırış olunmuş, xüsusilə Güneyxırman, Quzeyxırman, Kiş və Ağkənd kəndlərinin füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi və yaradılmış müasir yaşam şəraiti diqqətə çatdırılaraq bu ərazilərdə məskunlaşmanın üstünlükləri vurğulanmışdır.
Görüşün sonunda səyyar qəbulda iştirak edən sakinlərin müraciət, mülahizə və təklifləri fərdi qaydada dinlənilmişdir.
Keçidlər