06 iyul 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
06 iyul 2023 | 17:45
06 iyul 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bu ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Başçı bildirib ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bir çox maddi-mədəniyyət abidələri vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır. Eyvaz Hüseynov iyulun 5 də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər səviyyəsində təşkil edilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışı barədə danışaraq bildirib ki, Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə BMT və başqa təşkilatlarda önəmli qərarların qəbul edilməsinə öz töhvəsini vermişdir.
Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.