Şriftin ölçüsü :

Saytın rəngi :

"Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir"

15 iyul 2020 | 16:00

      Fərahim Əliyev :"Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir"
     İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Mənfur düşmən yenə də öz çirkin xislətinə sadiq qalaraq sərhəddə süni gərginlik yaradaraq qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin növbəti təxribatı olduğunu göstərmiş oldu: Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da Paşinyandan bezmiş ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb. Ermənistan hakimiyyətinin itkiləri israrla gizlətməsi, “iki polisimiz yaralanıb” kimi gülünc açıqlamalar verməsi ağır zərbələr aldığı fikrini daha da gücləndirir. Ermənilərin sosial şəbəkələrdə və mediada yazdıqları da bunu təsdiqləyir. İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər var idi, lakin Azərbayan Ordusu bu planları alt-üst etdi.
Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
       Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.
        Ermənistan hakimiyyəti müxtəlif yollarla narazı səsləri boğmağa çalışsa da, həm sosial, həm də siyasi etirazlarla üzləşir və bu etirazlar hər keçən gün artmaqdadır. Müxalifətin hakimiyyətə qarşı vahid cəbhədə toplanması Paşinyan üçün təhlükə zənglərinin çalınması deməkdir. Paşinyanın narazıları susdurmaq üçün irəli sürdüyü “inqilab” və “əks-inqilab” tezisi də artıq nəticə vermir. Və bu proseslər fonunda Nikol yeganə xilas yolunu “xarici düşmən” obrazını gücləndirməkdə gördü. Onun sələfləri zaman-zaman daxili siyasətə hesablanmış belə addımlar atıb, görünür, Paşinyan da sınaqdan çıxmış bu təcrübədən istifadə etmək qərarına gəldi.
      İyulun 12-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi təxribatın daxili siyasətə hesablanmış hədəfi məhz etiraz səslərinin boğulması, cəmiyyəti “xarici təhlükəyə” qarşı birləşdirmək cəhdidir. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. N.Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır. N.Paşinyanın demaqoqcasına vəd etdiyi “çiçəklənmə” reallaşmır. N.Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Bütün dünya ictimaiyyəti martda  Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq etdi.
       Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir. Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir.
    Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
    Sərhəddə baş verənlərdən sonra Ermənistanın üzvü olduğu KTMT-nin Daimi Şurasının növbədənkənar iclası çağırıldı. Lakin bir neçə saat sonra belə bir iclasın olmayacağı açıqlandı, iclasın keçiriləcəyinə dair informasiya da təşkilatın rəsmi saytından silindi. Bu, işğalçı ölkənin KTMT üzərindən oynamaq istədiyi oyunun iflasa uğraması, təşkilata üzv ölkələrin də Ermənistanın məkrli niyyətindən xəbərdar olması deməkdir. Artıq erməni ekspertlər KTMT-nin Ermənistana arxa çevirməsinə görə Paşinyan hakimiyyətini ittiham edirlər. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
     Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.
     İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbul olunmazdır.
     Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
      Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistanın dövlət sərhədində iriçaplı artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir. Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil, iki ölkənin dövlət sərhədində törədib. Bununla da erməni tərəfi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq ölkəmizə qarşı növbəti təcavüzü həyata keçirtmək istəyib. 2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır. Belə olan təqdirdə isə beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar.. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.
     Fərahim Əliyev
     Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr II kurs tələbəsi

Keçidlər