Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan öz sərhədlərini layiqincə qorudu

16 iyul 2020 | 16:00

    Azərbaycan öz sərhədlərini layiqincə qorudu
   Dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan gərginlik davam edir. Mövqelərimizi ələ keçirmək məqsədilə erməni hərbi birləşmələri hücuma keçməyə cəhd göstərib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Ciddi itkilər verən düşmən geri oturdulub. Azərbaycan Ordusunun Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi yayılmış videolardan da görünür.
   Artilleriya atəşi ilə qəflətən hücum həyata keçirən düşmənlə döyüşdə həlak olan hərbçilərimizin qisası isə layiqincə alınıb. Bununla bağlı Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan etdi: "Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
    Hazırda əməliyyat şəraiti erməni hərbi birləşmələrinə qarşı ciddi cəza tədbirləri həyata keçirən qoşunlarımızın nəzarəti altındadır. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri ordumuzun əks zərbəsi nəticəsində 70-dən çox Ermənistan əsgərinin və zabitinin öldürüldüyünü, 300-dən çox hərbçinin isə yaralandığını bildirirlər.
    Onu da qeyd edək ki, dövlət ya sülhsevər siyasət yürütməli, yaxud aqressiv və işğalçı olmalıdır. Azərbaycanın Ermənistanla sərhəddin Qazax və Tovuz istiqamətlərinə əsasən sərhədçiləri yerləşdirməsi respublikamızın həyata keçirdiyi siyasətin mahiyyətində beynəlxalq hüquqla təsbit olunmuş prinsiplərin dayandığını göstərir. Qarşı tərəfdə isə erməni hərbi birləşmələri cəmləşib ki, bu da Ermənistanın yürütdüyü militarist və işğalçılıq siyasətinin mahiyyətinə tam uyğundur. Amma nə qədər təcavüzkar olsa da, Ermənistan Azərbaycan qarşısında gücsüzlüyünü anlayır. Ona görə təxribatı dövlət sərhədi istiqamətində törətməklə daxil olduğu təşkilatlara arxalanır. Lakin bu gün Azərbaycanın beynəlxalq münasibətləri, ayrı-ayrı dövlətlərlə dostluq əlaqələri elə bir səviyyədədir ki, Ermənistanın daxil olduğu təşkilatlar belə onun müdafiə etməyəcəklər. Bunu son illərdə baş verən bir sıra hadisələr də təsdiq edib.
     Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır. 2016-cı ilin Aprel döyüşləri, Lələtəpə, Talış əməliyyatları, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı ordumuzun hansı imkanlara qadir olduğunu göstərib. Bugünlərdə Tovuz istiqamətində baş verənlər isə bir daha Azərbaycanın Ermənistan üzərindəki əzici hərbi üstünlüyünü nümayiş etdirdi.
    Ən əsası odur ki, bu cür təxribatçılıq əməlləri Ermənistanın öz başında çatlayır və Azərbaycanı sürətlə böyük Qələbəyə yaxınlaşdırır.

Keçidlər