DOSTLUQ VƏ QARDAŞLIQ NÜMUNƏSİ
DOSTLUQ VƏ QARDAŞLIQ NÜMUNƏSİ
2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu ilə sərhəddə törətdiyi xəyanətkar hərbi təxribata Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilmiş, həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən hücumu zərərsizləşdirilmişdir. Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri geri otuzdurulmuş, onların canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilmişdir.
Ən ağır günlərimizdə həmişə bizimlə olan qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zaman olduğu kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyul, No: 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “tvitter”dəki hesabında Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirildiyi “Can Azərbaycana canımız fəda” başlıqlı videoçarx paylaşaraq Azərbaycanla birlikdə olduqlarını obrazlı şəkildə ifadə etmişdir.
Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi köklərə malikdir. Bu xalqlar həmişə bir-birinə dəstək nümayiş etdirmiş, ən ağır günlərində bir-birinin yanında olmuş, “bir millət, iki dövlət” kəlamının haqqını layiqincə vermişlər.
1918-ci il sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad olunmasında Türk ordusunun yardımı nəhəng və misilsiz olub. Nuru Paşanın komandanlığı ilə türk ordusunun vaxtında dəstəyi nəticəsində Azərbaycan paytaxtını geri qaytara bilmişdir.
Soy kökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələrin reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdirmiş Türkiyə və Azərbaycan bu ənənəni indi də davam etdirir. Ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək verməsindən başqa bir iş ola bilməz. Dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş olan böyük türk xalqı bu vəzifənin öhdəsindən layiqincə gəlir. İki türk dövləti qoşa addımladıqca daha güclü olurlar!
Aslan Quliyev
Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi