Heç bir qüvvə Azərbaycandakı sabitliyi poza bilməz.
Heç bir qüvvə Azərbaycandakı sabitliyi poza bilməz.
Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətindən başlatdığı hərbi təcavüzünün qarşısını rəşadətlə alan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Döyüş meydanında baş verənlər bir daha Azərbaycanın artan hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini, eyni zamanda da təcavüzə məruz qalmış kəndlərimizdə yaşayan insanların qranit kimi möhkəm əzmini nümayiş etdirdi.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Ermənistanın baş naziri hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
Lakin Aprel döyüşlərində olduğu kimi, Ermənistanın bu təxribatı da öz başında çatladı. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bəli, erməni hərbi birləşmələri sarsıdıcı zərbə alaraq geri otuzduruldu, təxribatının qarşısı qətiyyətlə alındı və onların əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmədilər.
Digər tərəfdən, məntiqlə Ermənistanın üzvü olduğu KTMT dərhal bu məsələyə baxmalı idi. Amma üstündən neçə gün ötsə də, Ermənistanın iyulun 12-dən etdiyi müraciət cavabsız qalıb. Bu da onu göstərir ki, Ermənistan üzvü olduğu təşkilatlarda belə ciddi qarşılanmır. Həm də sübut olundu ki, ölkəmizin KTMT üzvü olan ölkələrlə dostluq münasibətləri kifayət qədər dərindir və onlar heç vaxt Azərbaycana təcavüz edən Ermənistanın müdafiəsinə qalxmayacaqlar. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu barədə çox doğru olaraq dedi: "KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.
Ən əsası iki gün ərzində davam edən hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hünərini, yüksək döyüş əzmini, dərin vətənpərvərlik hisslərinə malik olduğunu göstərdi. Döyüşlərdə generalımızın, yüksək rütbəli zabitlərimizin qəhrəmancasına həlak olması hər birimizi kədərləndirdi. Bütün dünya gördü ki, Azərbaycan Ordusunun generalı, polkovniki öz əsgərləri ilə birlikdə ön xətdə vətənin müdafiəsindədir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu gün onların ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Ordumuz şəhid olan bütün hərbçilərimizin qisasını layiqincə aldı.
Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan Milli Ordumuzla fəxr edir. İyulun 14-də Bakıda ordumuza dəstək məqsədilə yürüşün keçirilməsi də silahlı qüvvələrimizə, əsgərimizə ehtiramın ifadəsi idi. Orduya dəstək yürüşü xalqımızın milli həmrəyliyinin, Azərbaycan vətəndaşlarının möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təcəssümü idi. Bu yürüş həm də bütövlükdə xalqımızın daşıdığı vətənpərvərlik hisslərini, torpaqlarımızın işğalı faktı ilə heç vaxt barışmayacağını nümayiş etdirdi. Aksiya iştirakçılarının səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu yürüşü xalq-iqtidar birliyini göstərən mənzərə adlandırdı: "Bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
Təəssüf ki, orduya dəstək aksiyası zamanı yaradılmış şəraitdən sui-istifadə edən bir qrup ünsür tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdrılmış şəkildə təxribat törədildi. Belə ki, iyulun 15-nə keçən gecə aksiya iştirakçılarının bir qisminin Milli Məclisin inzibati binasına daxil olaraq vandallıq etməsinin, parlament binasının mülkiyyətini, inventarını dağıtmasının ordumuza və silahlı qüvvələrimizin həyata keçirdiyi əməliyyatlara dəstəklə heç bir əlaqəsi yox idi. O cümlədən asayişin keşiyində dayanan polis əməkdaşlarına qarşı zorakılıq edilməsi, onların xidməti polis avtomobillərinin yararsız hala salınması ordumuzun uğurlu əməliyyatlarına və şəhidlərimizin ruhuna ən böyük hörmətsizlik idi.
Bu qanunsuz hərəkət bütün mahiyyəti ilə təxribatçılıq və cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdi idi. Bu hadisə antimilli ünsürlərin Azərbaycanı yenidən ötən əsrin 90-cı illərinin əvvəllərinə qaytarmaq niyyətlərindən qaynaqlanan çirkin əməl idi.
1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Unutmalı deyilik ki, məhz həmin dövrdə ölkədə yaranmış xaotik durum az qala yenicə qazanılmış müstəqilliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Yalnız Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanda xaosa, anarxiyaya son qoyuldu, müstəqilliyimizin qorunaraq dövlətçiliyimizin inkişafı tam olaraq təmin edildi.
Digər tərəfdən, son dövrlərdə bu tip hadisələrin bir sıra dövlətlərin cəmiyyətlərinə və onların xalqlarına vurduğu maddi və mənəvi zərbələri də yaddan çıxarmalı deyilik. Bu mənada iyulun 15-nə keçən gecə həmin məlum hadisələri törədənlərin, o cümlədən sosial şəbəkələrdə saxta profillər üzərindən yalan məlumat yayanların məqsədi Azərbaycanı xaosa, anarxiyaya sürükləmək idi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında həmin qüvvələrin hansı qaragüruh qrupu təmsil etdiklərini açıqladı. Onların öz məqsədləri naminə pozuculuq fəaliyyəti ilə məşğul olmaları, düşmən dəyirmanına su tökmələri sadəcə təəssüf doğurur. İclasda qeyd olunduğu kimi, həmin insanlar müəyyən olunaraq sərt şəkildə cəzalarını alacaqlar.
Bu gün heç kimin Azərbaycanda daxili sabitliyi pozmağa ixtiyarı, haqqı yoxdur. Çünki biz bu sabitliyi qanımız, canımız bahasına əldə etmişik. Ümumiyyətlə isə, Azərbaycan öz yüksəlişinin elə bir mərhələsindədir ki, heç bir qüvvə ölkəmizi xaosa, anarxiyaya sürükləyə bilməz. Bundan əvvəl də respublikamızda siyasi sabitliyin pozulmasına cəhdlər olub. Lakin hər dəfə xalq-iqtidar birliyi və güclü Azərbaycan dövləti öz sözünü deyib, bütün antimilli cəhdlərin qarşısını alıb.
Bu gün Azərbaycanda güclü milli həmrəylik mövcuddur və xalqımız Prezident İlham Əliyevi və onun yürütdüyü siyasi kursu yekdilliklə dəstəkləyir. Bunu son günlərdə dövlətimizin başçısının ünvanına gələn məktublar da təsdiqləyir. Çünki Azərbaycanın yüksəlişi, dövlətimizin daha da qüdrətlənməsi, o cümlədən işğal olunmuş ərazilərimizin azad olunmasına aparan yol məhz bu siyasətin davam etdirilməsindən keçir. Xalq-iqtidar birliyi əbədidir və sarsılmazdır.