Şriftin ölçüsü :

Saytın rəngi :

Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib

23 iyul 2020 | 16:00

     Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib
     Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev müvafiq Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.
    Vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə mütəxəssislər Tovuz rayonuna ezam olunublar. Bu məqsədlə mütəxəssislər tərəfindən hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Yaradılmış komissiya araşdırma aparacaq və bundan sonra fərdi yaşayış evlərində, yardımçı tikintilərdə və təsərrüfatlarda görüləcək işlər müəyyənləşdiriləcəkdir.
     Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi dövlətimizin başçısının şəxsi nəzarətindədir. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Əsas ziyanın Tovuz rayonunun altı yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəydiyi məlumdur. İlkin qiymətləndirmələrə görə bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, habelə vətəndaşların şəxsi əmlakının və əkin sahələrinin  müxtəlif dərəcədə ziyan gördüyü müəyyən edilib.
     Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 16-da kəndlərinə atılmış çoxsaylı mərmilərdən ikisi Quşçu kənd sakini Həzi Vəliyevin həyətinə düşüb. Mərmilərin təsir gücündən yaşayış evinin arxa divarı uçub, evin döşəməsində böyük oyuqlar açılıb, pəncərə və şüşələr sınıb, dəmir çardağın dam örtüyü dəlik-deşik olub, yardımçı təsərrüfat tamamilə dağılıb, həyətyanı sahəsindəki təsərrüfatına ciddi ziyan dəyib.
     Dondar Quşçuya atılmış mərmilərdən biri isə kənd sakini Tariyel Abdullayevin evinə düşüb. Mərmi həyətdəki evlərdən birini tamamilə dağıdıb, digər evə isə böyük ziyan vurub.
Kəndə atılan mərmilərdən daha biri sakin Zeynal Rüstəmovun həyətindəki qarğıdalı əkini sahəsinə düşüb və mərminin təsir gücündən təsərrüfat yararsız hala düşüb.
Həmin əmlaklarda fərdi qaydada yerində inventarlaşdırma və qiymətləndirmə işləri aparılır, məlumatların lazımi qurumlara təqdim edilməsi üçün dəymiş ziyan aşkar edilir. Qısa müddətdə bu obyektlərin bərpa edilməsi və təmir-tikinti işlərinin sürətləndirilməsi üçün plan tərtib edilir.
    İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Keçidlər