Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib
Bütün dünya bilir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilmişdir. Məhz belə bir məqamda işğalçı Ermənistana öz hərbi gücünü göstərmək üçün son bir neçə ildə xeyli imkanlar yaranıb. Xüsusilə 2016-cı ildə şanlı Aprel döyüşlərində Ermənistan ordusu Silahlı Qüvvələrimiz tərəfindən ağır zərbələr alaraq məğlubiyyətə uğradı.
İkinci belə bir zəfər döyüşü isə 2020-ci ilin iyulun 12-də erməni hərbi qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı alınmaqla qarşı tərəfə əks-zərbə vurulanda baş tutdu. 100-dən çox hərbçisini və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı qüvvələri hətta səngərləri qoyub qaçmağa başladılar. İyulun 21-də Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə bu barədə deyib: “Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişdiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-yə 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-də üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-ni necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-yə yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.
Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərmiş oldu. Belə ki, KTMT-nin bir neçə üzvünün ölkəmizin haqlı mövqeyinin dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistanın cəmiyyətində ciddi xaos hiss olunmağa başladı. Tovuz döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını Ermənistanın hərbi ekspertləri də etiraf edirlər. Ermənistanın “komandos” ləqəbli generalı, keçmiş müdafiə naziri Arkadi Ter-Tadevosyan İrəvandakı “İmpuls 106.5” FM radiosuna verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Ordusu bu döyüşlərdə öz hədəfinə çatdı. Onlar Ermənistanın bəzi hərbi obyektlərini darmadağın etməklə bərabər, həm də bizim əsas hərbi obyektlərimizin bir çoxunun yerini təsbit etməklə gələcək döyüşlərdə böyük üstünlüklər qazanmağı bacaracaqlar. Bu və digər ağır nəticələrə görə deyə bilərəm ki, Tovuz döyüşlərində Ermənistan ordusu məğlub tərəfdir.” Bir məsələni də qeyd etmək lazımdır ki, hətta Rusiyanın bir çox ictimai-siyasi xadimləri, o cümlədən ermənipərəst jurnalist Vladimir Solovyov Ermənistanı yalançılıqda, dezinformasiya yaymaqda günahlandırdı. O, erməni siyasi rəhbərlərinin Azərbaycanın guya “UAZ” markalı avtomobillə Ermənistan sərhədini yarıb hücuma keçməsi iddiasını gülünc adlandırdı. Bildirdi ki, bu gün Azərbaycanda ən müasir silahlarla təchiz olunan güclü ordu var. Belə bir ordunun məhz “UAZ”la Ermənistana hücum etməsi sizin ən biabırçı və qeyri-ciddi hərbi düşüncənizin məhsuludur.
Bir sözlə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında bundan sonra da məğlub olacağını bir daha göstərmiş oldu.