Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda son 17 il ərzində infrastruktur layihələri uğurla həyata keçirilib.

26 iyul 2020 | 16:00

       Azərbaycanda son 17 il ərzində infrastruktur layihələri uğurla həyata keçirilib. Bu isə ölkəmizin müasirləşdirilməsinə, qeyri-neft sektorunun, xüsusən də regi­onların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayıb.

      Bu müddətdə energetika, nəqliyyat sahələrində qarşıya qo­yulan bütün vəzifələr uğurla yerinə yetirilib. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara buraxılıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin icrasında müsbət göstəricilər əldə edilib. Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilib.
      Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri infrastruktur layihələri gerçəkləşdirilib. Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması da bu hədəflər arasında yer alıb.
     Son illərdə ölkəmizin tran­zit potensialının reallaşdırılması istiqamətində də bir sıra infrastruktur layihələri real­laşdırılıb. Avropa-Qafqaz- Asiya nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ma­gistral yolların tikintisi uğurla davam etdirilib, Bakı-Tbilisi- Qars dəmir yolu işə salınıb. Beləliklə, görülən işlər nəticəsində Azərbaycan ərazisindən keçməklə daşı­nacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafını sürətləndirib.
      Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də videoformatda keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə yuxarıda qeyd edilən məsələlərlə bərabər, respublikada içməli su və meliorasiya layihələrinin də hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib: “Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çat­dırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlam­lığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik”.
      Dövlətimizin başçısı çıxışında bütün bunlarla yanaşı, sözügedən sahədə qarşıya qoyulan məqsədə hələ tam nail olunmadığını qeyd edib. Buna görə də indən sonra içməli su və meliorasiya layihələrinin gündəlikdə ən vacib məsələlər kimi duracağını diqqətə çatdırıb.
     Azərbaycan Prezidenti müşavirədə su təsərrüfatı və meliora­siya sistemində nəzərə çarpan, ciddi narahatlıq doğuran səhvlər barədə ətraflı bəhs edib, bundan sonrakı illərdə isə buraxılan çatışmazlıqların aradan qaldırılması, vahid idarəetmə mexanizminin işlənilib hazırlanma­sı və ardıcıl şəkildə qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planının icrası zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxışında Azərbaycanda içməli su və suvarma suyu ilə təminatın 100 faiz olacağına əminliyini ifadə edib.
     Ölkə rəhbəri son illərdə həyata keçirilən nəhəng su layihələri, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəməri barədə də məlumat verib. Bu kəmərin mühüm önəm daşıdığını, onun vasitəsilə böyük həcmdə təmiz içməli suyun Bakı şəhərinə çatdırıldığını və bununla da paytax­tın su probleminin çox kəskinləşə biləcəyinin qarşısının alındığını xatır­ladıb. Eyni zamanda, bütün bu işlərin neft gəlirləri hesabına görüldüyünü deyib.
    Prezident İlham Əliyev çıxışında Taxtakörpü, Ceyranbatan, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarını tikintisinin hazırda mühüm önəm da­şıdığını, əksər şəhərlərdə içməli su və kanalizasiya layihələrinin uğurla icra olunduğunu da xatırladıb.

Keçidlər