Ölkədə su qıtlığı probleminin həlli üçün kompleks tədbirlər görüləcək.
Azərbaycanı su sarıdan bəxti gətirən ölkə hesab etmək olmaz. Baxmayaraq ki, Kür və Araz kimi iri, Girdiman, Türyançay, Qudyalçay kimi dağ çaylarımız var, Azərbaycan həmişə sudan az və ya çox dərəcədə korluq çəkib. Təkcə yerləşdiyimiz Qafqaz regionundakı su ehtiyatlarının təxminən 11 faizinin ölkəmizin payına düşdüyünü xatırlatmaq yetər ki, bu sahədəki problemlərimizin obyektiv səbəbi məlum olsun.
Amma dərd bununla da bitmir. Məlum olduğu kimi, artıq neçə ildir dünyada və təbii ki, o cümlədən Azərbaycanda quraqlıq hökm sürür. Təkcə bu üzdən Azərbaycanın onsuz da çox olmayan su ehtiyatları 15 faiz azalmışdır. Lakin bu da hələ hamısı deyil. Mütəxəssislərin hesablamalarına görə, quraqlıq bu sürətlə və bu həddə davam edərsə, su resurslarımızın daha 15 faiz azalacağı qaçılmaz olacaq. Quraqlığın davam etmək ehtimalı isə az deyil. Ekoloqlar deyirlər ki, əgər əvvəllər quraqlıq 2-3 il olurdusa, indi artıq 8 ildir davam edir. Üstəlik, müşahidələr göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da yağıntılar zaman və məkan üzrə bərabər paylanmır və nəticədə bir yerdə torpaq susuzluqdan cadar-cadar olanda, digər ərazidə sel aləmi yuyub aparır.
İqlimin dəyişməsi, daha doğrusu, yayda havaların normadan artıq isti, qışda isə şaxtasız və yağmursuz keçməsi çayların suyunu azaldır ki, bu da su qıtlığını yaradan əsas səbəblərdən sayılır. Yenə də rəqəmlərə müraciət edək: Kür və Qanıq çaylarında sululuq normaya nisbətən 2019-cu ildə 29,2, son 6 ayda 45,8 faiz azalmışdır. Yağıntılar isə norma ilə müqayisədə 2019-cu il üzrə 17, 2020-ci ilin ötən dövründə 25 faiz az olmuşdur. Əsas dağ çaylarımızın formalaşdığı ərazilərdə də son 10 ildə yağıntının miqdarı orta hesabla nə az, nə çox - 8,7 dəfə aşağı düşmüşdür. Belə bir reallığın fonunda su qıt olmasın, neyləsin?! Su isə bütün dövrlərdə bol məhsul, təmizlik, sağlamlıq, bir sözlə, dəfələrlə təkrarlandığı kimi həyat sayılıb.
Bu baxımdan Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müzakirənin keçirilməsinin əhəmiyyəti böyükdür. Videoformatda keçirilmiş müşavirədə Prezident Administrasiyasının və müvafiq mərkəzi icra qurumlarının rəhbərlərinin iştirakı isə əvvəlcədən tədbirin işgüzar şəraitdə keçəcəyindən xəbər verirdi.
Əslində su ilə bağlı belə formatda işgüzar müşavirənin keçiriləcəyi gözlənilən idi. Çünki Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 6 ayın sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əsasən quraqlıq səbəbindən ölkədə yaranmış su problemindən ətraflı danışılmış və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir. Odur ki, iyulun 23-də keçirilən müşavirəni hökumətin son iclasında ölkənin su təsərrüfatlarındakı mövcud vəziyyətlə bağlı qaldırılmış problemlərin həlli istiqamətində görülən və görüləcək işlərin müzakirəsi də hesab etmək olar.
Əvvəl görülmüş işlər barədə. Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi, Azərbaycanda 2004-cü ildən - ilk regional inkişaf proqramı qəbul ediləndən bəri ölkənin həm təsərrüfat, həm də içməli su ilə təchizatının yaxşılaşdırılması üçün vacib tədbirlər həyata keçirilmişdir. Məhz həmin tədbirlər nəticəsində ölkə üzrə içməli su ilə təchizat 40 faizdən 70, o cümlədən bölgələrdə 9 faizdən 63 faizə çatmışdır. Paytaxta gəldikdə, burada fasiləsiz su ilə təchizat 29 faizdən 82 faizə yüksəlmişdir.
"Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu ilk növbədə insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik” - deyən dövlət başçısı təbii ki, əldə edilənlərlə qənaətlənməyərək sözügedən sahədə hələ çox işlərin görülməli olduğunu diqqətə çatdırmışdır: "Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya sahələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq”.
Qeyd edək ki, Prezidentin bu qərarı təsadüfi deyil. Baxmayaraq ki, ötən illər ərzində ölkədə Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri çəkilib, 270 milyon kubmetr su tutumu olan Taxtakörpü, 165 milyon kubmetrlik Şəmkirçay, eləcə də Göytəpə və Tovuzçay su anbarları tikilib, Ceyranbatan su anbarı yenidən qurulub, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına yeni beton kanal çəkilib və digər mühüm tədbirlər görülüb, son illər yaşanan su qıtlığı göstərdi ki, bu sahədə bütün işlər heç də istənilən səviyyədə deyil.
İlk növbədə həm təsərrüfat, həm də içməli su sahələrində itki həddən artıq çoxdur. "Bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir” - deyən dövlət baçşısı itkinin nəticələrinin ölkə iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı üçün mənfi təsirlərindən söz açmışdır: "Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir”.
Amma Prezidentin müşavirədəki nitqindən məlum olur ki, mərkəzi su təsərrüfatları qurumlarının fəaliyyətlərindəki nöqsanlar təkcə yüksək itki faizi deyilmiş. Bu sahədə ən böyük və ən ciddi problem ölkədə indiyəcən su balansının olmamasıdır: "İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər”.
Aydın olmaq üçün su balansının nə olduğunu qısaca izah edək. Deməli, hər bir ölkə, o cümlədən Azərbaycan öz su ehtiyatlarının həm mövcud, həm də gələcək vəziyyətini öyrənməlidir, bilməlidir ki, onun yeraltı və yerüstü su ehtiyatları nə qədərdir. Bundan sonra həmin ehtiyatlar qiymətləndirilməlidir. Su balansının olması artezian quyularının qazılması zamanı da vacib şərt sayılır. Çünki artezian quyuları harada gəldi qazıla bilməz. Bunun üçün ərazi seçilərkən artezianın torpağa təsiri mütləq öyrənilməlidir. Bütün bunları nəzərə aldıqda, dövlət başçısının müşavirədə indiyəcən ölkədə su balansının tərtib edilməməsini əlaqədar qurumların rəhbərlərinə ciddi irad tutması başadüşüləndir.
Məlum olduğu kimi, bu ilin aprelində Prezidentin sərəncamı ilə ölkənin su təchizatı ilə məşğul olan mərkəzi icra qurumlarının fəaliyyətini koordinasiya edən komissiya yaradılmışdır. Komissiyaya rəhbər Baş Nazirin müavini Şahin Mustafayev təyin olunmuşdur. Müşavirədə də qeyd edildiyi kimi, komissiya qısa vaxtda xeyli iş görmüşdür. Ən əsası, su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların gündəlik nəzarəti təmin edilmişdir. Bunlardan əlavə, mövcud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuş, eləcə də suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mənbələr üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı tədbirlərin görülməsinə başlanmışdır.
Komissiyanın yaxın gələcək üçün nəzərdə tutduğu tədbirlər (Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması; qrunt və təmizlənmiş tullantı sularından, eləcə də Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması; subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiqlənməsi; kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi; suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması) də diqqət çəkir və onların reallaşacağı halda sahədəki bir çox problemlərin həllinə önəmli yol açacağı şübhə doğurmur.
İçməli su sarıdan korluq çəkən rayonlar da var və onların sırasında Neftçaladakı vəziyyət daha kritikdir. Hətta o dərəcədə ki, indi rayon mərkəzinə içməli su maşınlarla daşınır. Amma problem Prezidentin nəzarətindədir və müşavirədə dövlət başçısına Neftçalanın su məsələsinin ən qısa zamanda həll ediləcəyinə söz verilməsi də bu nəzarətin hesabınadır.
Əslində susuzluq bəlkə də problemdən çox, bəladır. O üzdən son vaxtlar dünyanın başına gələn bəlaların üstünə quraqlığın da əlavə olunması yaxşı heç nə vəd etmir. Nə etmək olar, yəqin ki, insanın öz əməlləridir virus, quraqlıq, aclıq şəklində çıxır qabağına.
Amma dərd varsa, dərman da var, deyiblər. Götürək ölkəmizi. Az vaxtda hansı qlobal problemlərimizi həll etməmişik ki... Prezidentin müşavirədə dediyi kimi: "Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələsi də öz həllini tapmalıdır”.