Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır
Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır
Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.
Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması ötən əsrin 90-cı illərində başlanmasına baxmayaraq, qısa zamanda Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır və beynəlxalq reytinqlər də bunu göstərir. Azərbaycan xalqı bununla fəxr edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rol oynayır.Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.
Bu gün torpaqlarımızı işğaldan azad etmək, qəhrəman oğullarımızın yolunun davamçısı olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətən uğrunda, Torpaq uğrunda ölümdən qorxmadan döyüşənlər, şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə, hər bir Vətən oğluna nümunədir.
Silahlı Qüvvələrimizin 2016-cı ilin şanlı aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı.
Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.