Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır
Artıq dünya pandemiyanın ikinci dalğasına hazırlaşır: Son bir neçə gün ərzində Böyük Britaniya, Almaniya, Estoniya, Fransa da daxil olmaqla, dünyanın bir çox ölkəsi payızda ikinci dalğanın xəbərdarlığını etməkdədir. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi son sərt karantin tədbirlərinin artıq müsbət nəticələrini görürük. Yoluxma sayı kəskin azalıb, gündəlik sağalanlar isə yoluxma sayını bəzi günlər 2-3 dəfəyə qədər üstələyir. Avqustun 5-dən başlayaraq, sərt karantin rejiminin yumşaldılması qərarı da bununla bağlıdır
Cənab Prezident lham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə ölkədə karantin rejiminin yumşaldılması məsələsinə də toxunub. Bildirib ki, koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.
Buna baxmayaraq, dövlətimiz növbəti dalğanın mümkünlüyü ehtimalına qarşı tədbirlər görməkdədir. İki Olimpiya-İdman Kompleksinin müvəqqəti olaraq xəstəxanaya çevrilməsi, modul tipli xəstəxana tikintisinin davam etdirilməsi, tibbi maska istehsalının genişləndirilməsi üçün avadanlıqların gətirilməsi ilə paralel olaraq ən çox ziyan çəkən sahələr və aztəminatlı ailələrə dəstəklə bağlı növbəti yardımların göstərilməsinə hazırlıq başlayıb.