Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin rəhbərliyi ilə avqustun 6-da keçirilən sosial-iqtisadi müşavirə kölgə iqtisadiyyatının əhatə dairəsinin daha da azaldılması istiqamətində növbəti addım hesab edilməlidir.

09 avqust 2020 | 16:00

   Dövlət şirkətlərində korporativ idarəetmə sisteminə və standartlarına keçid, iqtisadiyyatın liberallaşdırılması, dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da artırılması kölgə iqtisadiyyatının əhatə dairəsinin azalmasına yönələn addımdır. Prezident İlham Əliyev dövlət şirkətlərində səmərəli və çevik idarəetmənin tətbiqi ilə bağlı mövzuya bir neçə dəfə toxunub və bu istiqamətdə xüsusi tapşırıqlar verib. Tövsiyə və tapşırıqlar əsasında dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə əlaqədar ilkin qanunvericilik bazası formalaşdırılıb. Cənab Prezident müşavirdə  bir daha bu mövzua diqqət çəkib:"Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Ancaq bu yolla bu müəssisələr işə salına bilər. Çünki Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər. Ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. İnvestorları cəlb etmək lazımdır. Öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq. Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidi".

    Qeyd edək ki, iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədilə 2016-cı ilin sentyabrın 5-də “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Bu istiqamətdə, həmçinin paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını da vurğulamaq olar.
   Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi qısa və ortamüddətli dövrdə əmək haqlarının düzgün hesablanması və uçotu, tender və satınalmalarda şəffaflığın artırılması, fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi (“Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi və sair məsələlərin həllinə birbaşa müsbət təsir edəcək. Bundan əlavə, korporativ idarəetmə standartlarının tətbiqi ilə götürülən borcların səmərəli və nəticə əsaslı istifadəsinə şərait yaradacaq. Uzunmüddətli dövrdə isə tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq. İnvestor tərəfindən qoyulan kapital üçün əsas zəmin mövcud təsisatların şəffaflığı və hesabatlılığıdır. Korporativ idarə qaydalarının tətbiqi ilə həmin şirkətlərdə müşahidə və audit komitələrinin məsuliyyəti və səlahiyyəti əvvəlkinə nisbətən daha çox olacaq. Bu da şirkətin şəffaflığını, uçotların düzgün aparılmasını, borcların idarə edilməsi istiqamətində hesabatlılığını artıracaq.
   Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın liberallaşdırılması çağırışı isə postpandemiya dövrü üçün zəruri əhəmiyyət daşıyır: Biz pandemiya dövründə dünyanın qabaqcıl ölkələrində belə proteksionist siyasət meyillərinin artmasını, qarşılıqlı ticarət münasibətlərində məhdudiyyətlərin əvvəlkinə nisbətən artımını müşahidə edə bilirik. Bu nöqteyi-nəzərdən liberallaşdırma önəmlidir. Liberallaşdırma nəticəsində dövlət şirkətlərinin özəlləşdirilməsi də birbaşa xatırlanan idarəetmə sistemindən asılıdır”.
   Beləliklə, Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə aparılacaq islahatlar son nəticədə kölgə iqtisadiyyatının əhatə dairəsini zəiflədəcək, iqtisadi artımı dəstəkləyəcək. Bundan əvvəl də aparılan tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyan etmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatı miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub. Büdcə gəlirlərinin artması ilə ölkəmizdə aparılacaq sosial layihələrin əhatə dairəsinin genişlənməsi üçün maliyyə mənbəyi formalaşacaq.

Keçidlər