"Ölkəmizdə pandemiyaya qarşı mübarizə xalq-iqtidar birliyinin gücünü bir daha nümayiş etdirir"
COVİD-19 pandemiyası bütün dünya üçün bir nömrəli problem olaraq qalmaqdadır. Bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı. Pandemiya aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Koronavirus pandemiyası “domino effekti”nə səbəb oldu və aparıcı ölkələrin iqtisadiyyatı və sənayeləri tənəzzülə uğradı. Onu vurğulayaq ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir.
Azərbaycan dövləti əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir.
Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədə pandemiyaya qarşı mübarizənin müsbət nəticələrinə toxunub.Bildirib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Dövlət başçısı həkimlərimizin əməyini yüksək qiymətləndirərək bildirib ki, məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub, modul tipli xəstəxanaların tikintisi təşkil edilib. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
Vətəndaşlarımız hər bir atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşürlər. Respublikamızın bütün bölgələrindən vətəndaşlarımız tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları bunu əyani təsdiq edir. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq. Möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi.Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur.Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Onun vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.
Behruz Məmmədov
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqının Xocavənd rayon komitəsinin sədri