Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.

14 avqust 2020 | 16:00

   Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
   Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub.
     Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsasını 15 may 1992-ci ildə Daşkənddə Qazaxıstan istisna olmaqla Mərkəzi Asiya Respublikaları, Rusiya və Ermənistan qoymuşlar.
1993-cü ilin sentyabr ayında Azərbaycan, dekabr ayında isə Gürcüstan və Belarus müqaviləyə qoşulmuşlar. Ratifikasiya prosesi başa çatdıqdan sonra müqavilə 1994-cü ilin aprel ayında qüvvəyə minmişdir. İlkin mərləhədə KTMT-nin məqsədi yeni müstəqil respublikaların qarşılaşdıqları fundamental hərbi-siyasi problemlərin kollektiv şəkildə həllinə nail olmaq idi. Müqavilənin əsas maddələri KTMK-ə üzv olan hər hansı ölkəyə qarşı təcavüz zamanı qarşılıqlı məsləhətləşmələri və hərbi yardımı nəzərdə tutan 2-ci və 4-cü maddələrdir. Müqavilə həm üzv ölkələrin öz aralarındakı, həm də digər dövlətlərlə olan anlaşılmazlıqların Avropa və Asiyadakı kollektiv təhlükəsizlik sistemlərinin komponenti kimi sülh yolu ilə həllini məqbul hesab edir. Azərbaycan, Gürcüstan və Özbəkistan Müqavilədə iştiraklarını öz təhlükəsizliklərinə qənaətbəxş təminat hesab etməyərək, 1999-cu ildə onu prolonqasiya etməkdən imtina etdilər. Bu tamamilə doğru və vaxtında atılmış addım idi. Çünki 1992-ci illə bugünkü situasiya arasında təhlükələrin mənbələri və həlli imkanları arasında böyük fərqlər yaranmışdır.
     Müqavilə hərbi-siyasi sferada inteqrasiya, terrorçuluğa və narkotik qaçaqmalçılığına qarşı mübarizə, miqrasiya proseslərinin tənzimlənməsi, mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına qarşı birgə mübarizəni nəzərdə tutur.
      2002-ci ilin may ayında Moskvada keçirilən yubiley sessiyasında təşkilatın inkişafında yeni dönüş mərləhəsi oldu. Belə ki, onun adının KTM-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) çevrilməsi qərara alındı. Bununla əlaqədar qəbul olunmuş siyasi bəyannamədə deyilirdi: «Kollektiv Təhlükəsizlik Müqaviləsinin yeni statusu (beynəlxalq regional təşkilata çəvrilməsi) Müqavilənin tarixində bütün üzv ölkələrin və ümumilikdə beynəlxalq ictimaiyyətin maraqları naminə onun sabit inkişafında yeni dönüş nöqtəsi olacaqdır».
XXI əsrdə Avrasiyada təhlükəsizlik prioritetlərinin dəyişməsi KTMT-nin inkişafı, regional sabitlik və təhlükəsizliyin qorunub-saxlanılması, təşkilatın rolunun artırılması sahəsində Rusiyanın diplomatik səylərinin intensivləşməsinə səbəb olmuşdur.
     2003-cü ilin sentyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi altı üzv ölkənin hər birinin parlamentində (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) ratifikasiya olunduqdan sonra KTMT Nizamnaməsi qüvvəyə mindi. Nizamnamədə aşağıdakı məsələlər öz əksini tapmışdır:
•Üzv dövlətlər KTMT-nin məşvərətçi proseduralarını və mexanizmlərini istifadə etməklə beynəlxalq və regional təhlükəsizlik problemlərində öz xarici siyasət mövqelərini koordinasiya edirlər;
•KTMT üzvü olan ölkənin ərazisində müqavilə üzvü olmayan dövlətin qoşunlarının və ya hərbi infrastruktur elementlərinin yerləşdirilməsinə dair qərar digər KTMT üzvləri ilə təcili məsləhətləşmələr vasitəsilə razılıq əldə edildikdən sonra verilir;
•Xarici İşlər, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katibliklərinin yalnız məşvərətçi deyil, həmçinin icraedici orqanları olan strukturlar kimi hüquq və vəzifələri vardır;
•Üzv dövlətlərin bu orqanların hər hansı bir qərarını yerinə yetirməməsi və ya öz öhdəliyinin icrasından boyun qaçırması KTMT üzvlüyünə moratorium qoymaqdan tutmuş təşkilatdan tamamilə xaric olunmayadək müxtəlif üsullarla cəzalandırılıa bilər.
     2004-2005-ci illər KTMT üzvləri arasındakı münasibətlərin nisbətən intensivləşdiyi dövrdür. Buna səbəb beynəlxalq terror təhlükəsinin artması olmuşdur.
     KTMT-nin 2006-cı ilin iyun ayındakı Minsk sessiyası bir sıra mühüm qətnamələrin qəbulu ilə yadda qaldı. Bunlardan ən əsası, Mərkəzi Asiyanın nüvə silahından azad zona elan edilməsi təklifidir. Terrora və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə haqda mühüm sənədlər imzalandı. Lakin ən mühüm hadisə Özbəkistanın KTMT üzvlüyünə yenidən bərpa olunması oldu. Habelə, Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq qərarı da Minsk sessiyasının mühüm qərarlarından biri idi. Qeyd etmək lazımdır ki, 2003-cü ilin əvvəlləri Rusiyanın Mərkəzi Asiya regionunda mövqelərinin güclənməsi dövrü kimi xarakterizə oluna bilər. Bu, özünü KTM-nin KTMT-ə transformasiyası, kollektiv çevik qüvvələrin yaradılması və birgə hərbi təlimlərin keçirilməsində büruzə vermişdir. Eyni zamanda Rusiya region ölkələrində öz iqtisadi mövqelərini gücləndirmiş və investisiya fəallığını intensivləşdirmişdir. Rusiya Cənubi Qafqazdakı dövlətlərarası və etnik münaqişələri, Mərkəzi Asiyada dini ekstremizm, narkotika ticarəti və terrorçuluğun artmasını öz cənub sərhədlərindəki əsas təhlükə mənbələri kimi görür. Həmin təhlükəli regionlar 2000-ci ilin oktyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv dövlətlər tərəfindən də Rusiyanın liderliyində birgə fəaliyyət arenası kimi dəyərləndirilmişdir. Bu barədə plan MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi dövlətləri sammitinin sonunda 2000-ci ilin oktyabrında Bişkekdə bəyan edilmişdir. Birgə mətbuat konfransında altı üzv dövlətin prezidentləri (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan) bəyan etmişlər ki, onlar üç regional təhlükəsizlik sistemi çərçivəsində fəaliyyət göstərəcəklər. Bu qrup Rusiya-Belarus, Rusiya-Ermənistan və Rusiya-Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan) dövlətlərindən ibarətdir.
Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
     Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır.

Keçidlər