Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.
Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.
Planla tanışlıqdan sonra təlimə start verilib.
Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhədində təxribat törədən kəşfiyyat-diversiya qruplarının “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.
Təlimin gedişində mühəndis, təminat və təxliyə qrupları qətiyyətli fəaliyyət göstərərək hücum edən qoşunlarımızın maneəsiz hərəkətini təmin ediblər. Əlahiddə Əməliyyat Briqadası tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupları məhv edilib. Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşrutlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləyib. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilib. Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunub, komandirlər arasında təcrübə mübadiləsi aparılıb.
Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib.
Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.