Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və zəngin ənənələrə malikdir.

16 sentyabr 2020 | 16:00

   Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın müasir nailiyyətləri ölkəmizin mühüm sənaye mərkəzi olan Sumqayıtın sosial-iqtisadi həyatına da yüksək sürət və keyfiyyət gətirib.Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib.Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı da bu məqamı aydın şəkildə göstərdi.
   Dövlət başçısı İlham Əliyev açılışdakı çıxışı zamanı, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın mövcudluğunu xüsusi olaraq vurğuladı.
    Prezident İlham Əliyev vurğulayıb ki, daxili tələbat mümkün qədər yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Bu il Sumqayıtda fəaliyyətə başlayacaq şüşə istehsalı zavodu da mühüm fəaliyyət sahəsi olacaq. Tikinti sektoru pandemiya ilə əlaqədar, bir qədər tənəzzülə uğrasa da, bərpa edilir və ediləcəkdir.
    Harada idxaldan asılılıq daha böyükdür, lakin onu əvəzləmək mümkündürsə və bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs nümayiş etdirən şirkətlərə həm rezident statusu verilməli, həm də dövlət tərəfindən yardım edilməlidir. Onlara güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın.
    Dövlət başçısı çıxışında təbliğat işlərinin düzgün qurulmasının əhəmiyyətinə də toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu Parkın ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur.
    Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq bu şəraitdə də dövlət başçısının uzaqgörən və ağıllı siyəsəti nəticəsində Azərbaycan elə addımlar atır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında ola bilsin. Nəticədə, Azərbaycan vaxt itirmədən bütün sahələrdə yeni inkişaf dinamikasına sahib olacaq.

Keçidlər