"Postpandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan dünyanın ən dayanıqlı iqtisadiyyatına malik ölkələri sırasında qərarlaşıb"
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı və Pirallahı Sənaye Parkının idarəedici təşkilatıdır. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır.
14.09.2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışnda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.
Açılışda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.
Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.
Prezident xaricdə yaşan Azərbaycanlı iş adamlarına səslənərək bildirmişdir ki, gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar. Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.
Nicat Şirinov
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini